Noyabrın 10-da Opera və Balet Teatrında Lüdviq Minkusun «Don Kixot" baleti nümayiş olundu. Baletdə əsas rolları Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsov ifa edirdilər. Tamaşanın dirijoru Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç idi.
   
   Migel de Servantesin ölməz romanından fərqli olaraq, Lüdviq Minkusun «Don Kixot»unda mərkəzi əhvalat kimi Kiteriya (Y.Oleynik) və Basilyonun (K.Kuznetsov) sevgisi seçilib. Kiteriyanın atası qızını Basilyoya yox, varlı bir adaxlıya vermək istəyir. Don Kixot isə öz cəngavər müdaxiləsi ilə onların sevgisini qoruyur.
   Don Kixot əhvalatı cəmiyyətin istehzasının qələbəsidir. Əsrlər bir-birini əvəzləyir, zaman-zaman sırası gəlir və Don Kixot xatırlanır. Gülünc cəngavər. Hırıltılar içində özünü şax tutan mənən güclü cəngavər. Axırı nə oldu? Bunu Servantesin əsərinin sonunda Don Kixotun vəsiyyəti ilə tanış olanlar bilir. Bu kitabın ən öldürücü zərbəsidir - Don Kixota və oxucuya qarşı. Amma bu əsəri baletlə bir o qədər də qarışdırmaq lazım deyilmiş. Və özünü bu suallarla yormaq boşuna imiş:
   «Don Kixot» baleti necə olacaq? Nə yozumlar görə biləcəyik? Bu maraqlar tamaşaçını foyeyə qədər müşayiət edir.
   Tamaşa başlayan kimi musiqi ispan coşğunluğu ilə tamaşaçını anındaca ələ alan əhvalatın ab-havasına gətirir. Sevgi qara-qırmızı rənglərin kontrastı içindədir. Qırmızı-qara geyimlər ispansayağı dəlisov öldürücü sevgini nişan verir. Bu rəqs sevginin həm də yaşamaq olduğunu göstərməkdir. Rəqqasların çiyinlərinə saldığı, arabir əllərində oynatdığı bir üzü qırmızı, bir üzü qara örtük ispan korridasını xatırladır. Cəngavərlik ehtirası həm də cəmiyyətin düşündüyü obrazdır.
   Opera və Balet Teatrının Don Kixotu dümdüz, arıq, ucaboydur (Faiq Qubadov). O, nə qəhrəmanlıq etsə, məhz bu fizionomiyasına görə, quru görkəminin sayəsində gülünc olmaq ehtimalı var. İlk baxışda bizim «Düz düzdə qalar» atalar məsəlini xatırladır. Sanço Pansa (Xəyyam Kələntərli) isə tamamən onun tərsidir. Kömbə kimi sevimli, balacaboy və yupyumru. Tamaşa içində onunla iştirakçılar o ki var əylənirlər, o, sadəliklə oyuna qoşulur.
   Baletin baş qəhrəmanlarını oynayan Oleynik və Kuznetsovun ifası isə mükəmməlliyi, ehtirası və coşğusu ilə həqiqətən də mərkəzdə olmağı haqq edirdi. Rəqslərdəki hər hərəkət musiqiyə yox, qəhrəmanların qəlbinin vurğusunu göstərməyə hesablanmışdı. Amma balet ədəbi çəkilən illüstrasiya kimi də görünə bilər. Əlbəttə, tamaşanın vizual həllinə görə.
   
   Aliyə