Aləmi güldürən dramaturq ölməz komediyasında son dəfə çıxış edərək dünyasını dəyişib

   Görkəmli fransız dramaturqu Jan Batist Molyer 1622-ci il yanvarın 15-də Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdu. 1639-cu ildə Klermon kollecini bitirib. Gənc yaşlarından həyatını teatrla bağlayıb, 1643-cü ildə “Parlaq teatr” truppasını yaradıb. Parisdə müvəffəqiyyət qazanmayan truppa uzun müddət əyalət şəhərlərini gəzib dolaşıb, yalnız 1659-cu ildə paytaxta qayıdıb.
   Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənib, gələcək əsərləri üçün zəngin material toplayıb. Yaradıcılığa truppası üçün yazdığı şən əhval-ruhiyyəli komediyalarla - “Barbulyanın qısqanclığı”, “Uçan təbib” ilə başlayıb.
   Molyerin dünya dramaturgiyasının şah əsərləri sayılan “Tartüf”, “İstəksiz nikah”, “Zorən təbib”, “Mizantrop” və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulub. Dramaturqun komediyalarında feodal təbəqələri kəskin satira atəşinə tutulurdu. “Xəsis”, “Skapenin kələkləri”, “Jorj Danden və yaxud aldadılmış ər”, “Sqanarel”, “Don Juan və yaxud daş qonaq” və digər komediyaları oxuyarkən istər-istəməz Molyerin məşhur müasirlərini xatırlayırsan, xəyal səni XVII əsr Fransasına aparır: Rişelye, XIV Lüdovik, Mazarini, Lafonten, Rasin, Bualo yada düşür.
   Molyer komediyalarının bir çoxu saray bayramlarında, “təntənəli” gecələrdə tamaşaya qoyulmaq üçün yazılıb. Lakin sənətdə hər şeyi istedad həll etdiyinə görə, həmin “bayram” və “təntənələrdən” fərqli olaraq o əsərlər yaşayıb və yaşayacaq, çünki Molyerin qəhrəmanları nəinki klassisizmin çərçivələrinə, ümumiyyətlə zaman və məkan çərçivələrinə sığmır, dörd əsr əvvəl o qəhrəmanları yaşadan və güldürən hisslər bu gün də yenidir.
   Aktyorluq və ədəbi yaradıcılığın vəhdətinə axıradək sadiq qalan Molyer 1673-cü il fevralın 16-da səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi “Zorən təbib” komediyasının tamaşasından bir necə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat edib.