Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanlar Qutqaşınlı 1962-ci ildən ədəbi fəaliyyətə başlayıb. Onun «Həzin xatirələr», «Məhəbbət və göz yaşları», «Dünyanın üstünə yeriyər şəhər», «Alban tarixindən bir yarpaq», «Qəzəllər», «Urartu mixi yazıları və azəri-türk dili» adlı əsərləri, bir sıra diafilm və məqalələri oxucuların marağına səbəb olub.
  
   Çal yağış yağırdı...
  

   Bu payız da gəldi…
   Sədalı gəldi.
   Əlləri qoynunda qadalı gəldi.
   Ötən günlərimin ilməsin vurub
   Ürəyi daş kimi ədalı gəldi.
   Vaxtsız qonaq kimi durub qapımda
   Məni silkələdi ömür atımda.
   Elə bu saatda, elə bu anda,
   Haqqı, ədaləti sel aparanda
   Çal yağış yağırdı Cıdır düzündə,
   Çal yağış yağırdı Qarabağlara.
   Elin fəryadında, elin gözündə
   Meydan oxuyurdu viranlıqlara.
   Düşürdü ümidsiz yollara dən-dən;
   Ayaq izlərimi silirdi yerdən.
  
   Günəşin çırtlayan zər boyasında
   Çal yağış yağırdı Qız qayasında
   Yuyurdu çölləri, torpağı, daşı;
   Silmək istəyirdi Qarğa daşında
   Min illər köklənən məhək yaddaşı.
   Açırdı sinəmdə sonuncu çiçək
   Sevgidən nigaran misaralarım tək.
  
   Çal yağış yağırdı Laçın yolunda.
   Sanki rəqs edirdi qış küləyində.
   Çinar yarpağı tək titrədi könlüm
   Soyuq fikirlərin yelləncəyində.
   Vətən, vətən deyib kipriklərimdən,
   Əlimdən, üzümdən, ağ tellərimdən
   Qırov tək sallanan həsrəti sildim.
   Sonuncu fəsildə payızlanırdım
   Birinci payızın qədrini bildim.
  
   Ömür asıldıqca yəhər qaşından,
   Boylanıb bir qərib ot tayasından
   Durna qatarı tək axıram, Allah,
   Görən ümid varmı çal yağışlara?
   Sonuncu payızda yağıram, Allah!

  
   Qaranlıq yuxular
  

   Qaranlıq yuxular görürəm gecə,
   Bu qorxunc yuxular ömürdən biçir.
   Şuşa-Laçın yolu incəlib, Allah,
   Anamın laylası könlümdən keçir.
  
   Qanlı köynəyini geyib qar quşum,
   Qəlbində büt kimi bəsləyir məni.
   O incə, o zərif kədərli dilbər
   Gecə ay çıxanda səsləyir məni.
  
   O kimdir yuxumda hay-haray salıb
   Köməyə çağıran nagüman, Allah?
   Nənəmin təknəsi həyətdə qalıb
   Bəlkə də nənəmdir çağıran, Allah?..  

   Qaranlıq yuxular görürəm gecə
   Taleyim amansız, qismətim qara.
   Yenə Qız qayası göz yaşı tökür
   Üstünü ot basan dar cığırlara.
  

   Qəzəl
  

   Bir qılınc qında qalarsa qaralır pası olur,
   Yatağından çıxa tərpənməsə əmması olur.
   * * *
   Pulu xərclə, başı işlət, fağırın dadına çat,
   Qalsa var-dövlətin əllərdə qabırğası olur.
   * * *
   Yığdığın sərvət ilə qürrələnib fəxr eləmə,
   Ən gözəl bir kəfənin qiyməti abbası olur.
   * * *
   «Sevirəm» kəlməsi qəlbin hələ aynası deyil,
   Sevən aşiqlərin öz sevgi təmənnası olur.
   * * *
   Çox da meyl eyləmə pərvanələrin dillərinə,
   Deyilən hər kəlamın hiyləsi, ya xası olur.
   * * *
   Nolar, öyrətmə gülüm, Xanları asudəliyə,
   Aşiqin hər gözələ sanma ki sevdası olur.