Orxan Pamuk
  
  
   roman
   (1992-1994)
      
   Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi. Hələ ilk səhifələri oxuyarkən kitabın gücünü daxilimdə elə hiss elədim ki, oturduğum stoldan və stuldan bədənimin qopub uzaqlaşdığını zənn elədim. Amma bədənimin məndən qopub uzaqlaşdığını zənn eləsəm də, sanki bütün varlığımla əvvəlkindən daha çox stolda və stuldaydım və kitab bütün təsirini təkcə ruhumda yox, məni mən eləyən hər şeydə göstərirdi. Bu elə güclü bir təsir idi ki, kitabın səhifələrindən üzümə işıq düşdüyünü hiss elədim. Eyni vaxtda həm bütün ağlımı korlaşdıran, həm də onu işım-işım işildadan bir işıq. Fikirləşdim ki, bu işıqla özümü təzədən yaradacağam. Bu işıqla yolumdan çıxacağımı sezdim, bu işıqda daha sonra tanıyacaq və yaxınlaşacağım bir həyatın kölgələrini hiss elədim. Stolda oturub, fikrimin gücü ilə oturduğumu bilir, səhifələri çevirirdim və bütün həyatım dəyişəndə mən yeni kəlmələri və səhifələri oxuyurdum. Bir müddət sonra başıma gəlməli olan hadisələrə qarşı özümü o qədər hazırlıqsız və çarəsiz hiss elədim ki, kitabdan fışqıran gücdən qorunmaq üçün qəfil inistinktlə gözümü səhifələrdən çəkdim. Ətrafımdakı dünyanın da, başdan-ayağa dəyişdiyini onda qorxu ilə hiss elədim və indiyədək heç vaxt duymadığım tənhalıq duyğusuna aludə oldum. Sanki, dilinə, vərdişlərinə, coğrafiyasına bələd olmadığım bir ölkədə yaşayırdım. Bu yalnızlıq duyğusunun məndə yaratdığı çarəsizlik, az vaxtda məni kitaba daha möhkəm bağladı. Yaşadığım yeni ölkədə etməli olduğum şeyləri, inanmaq istədiklərimi, görə biləcəyimi, həyatımın istiqamətlənəcəyi yolu mənə bu kitab öyrədəcəkdi. Kitabın səhifələrini bir-bir çevirəndə, kitabı indi mənə vəhşi və yad ölkədə yol göstərən bələdçi kimi oxuyurdum. Ürəyimdə “mənə kömək elə” demək istəyirdim, kömək elə ki, qəzaya-bəlaya rast gəlməmiş, yeni həyatımı tapım. Amma bu həyatın da, bələdçinin sözləri ilə yarandığını bilirdim. Sözləri bir-bir oxuyanda, bir yandan yolumu tapmaq istəyir, bir yandan da, yolumu tamamilə itirəcəyimin xəyalını heyrətlə, bir-bir düşünürdüm.
   Bütün bu vaxt ərzində kitab stolumun üstündə qalır, işığı üzümə düşürdü, otağımdakı digər əşyalara bənzər məlum olan hər şey kimi görünürdü. Bütün bunları, qarşımda açılan yeni bir həyatın, yeni bir dünyanın varlığını heyrətlə və sevinclə qarşılayanda hiss elədim. Həyatımı belə dəyişdirən kitab əslində adi bir əşya idi. Ağlımın qapılarının və pəncərələrinin, sözləri mənə vəd etdiyi yeni dünyanın gözəlliklərini və qorxularını yavaş-yavaş açanda, bir tərəfdən də məni bu kitaba aparan təsadüf haqqında fikirləşirdim, amma bu fikrimin ənginliklərində dərinə getmək mümkün olmayan bir xəyal idi. Oxuduqca bu xəyala qayıtmaq, sanki, bir növ qorxu idi. Kitabın mənə açdığı dünya o qədər yad, o qədər qəribə, o qədər çaşdırıcı idi ki, bu aləmin içinə tamamilə gömülməmək üçün, indiki zamanla əlaqəli bir şey hiss etmək təşvişi duydum. Başımı kitabdan qaldırıb qırağa, otağıma, şkafıma, yatağıma baxsam və pəncərədən çölə nəzər salsam, dünyanı əvvəl gördüyüm kimi tapmamaq qorxusu ruhumu bürüdü.
   Dəqiqələr və səhifələr bir-birini izləyirdi, uzaqdan qatarlar keçdi, anamın evdən getməyini və xeyli vaxtdan sonra evə qayıtmağını hiss elədim, şəhərin həmişəki uğultusunu, qapının qarşısından keçən qatıqçının qışqırığını və maşınların motorlarının səsini eşitdim və tanıdığım bütün səsləri yad səslər kimi eşitdim. Elə bildim ki, çöldə yağış yağır, amma ipdən tullanan qızların səsi gəlirdi. Elə bildim ki, hava işıqlanır, amma pəncərəmin şüşəsində yağış damcıları tərpənirdi. Ondan sonrakı səhifələri oxudum. Digər həyatın çölündən sızan işığı gördüm, indiyə qədər bildiklərimi və bilmədiklərimi gördüm, həyatımın istiqamətlənəcəyi yolu, öz həyatımı gördüm...
   Səhifələri yavaş-yavaş çevirdikcə, əvvəllər heç bilmədiyim, heç fikirləşmədiyim, heç hiss eləmədiyim bir dünya ruhuma hopdu və orda qaldı. Indiyə qədər bildiyim, fikirləşdiyim bir çox nəsnə əhəmiyyətsiz detallara çevrildi və bilmədiklərim gizləndiyi yerdən çıxaraq mənə işarə elədilər. Kitabı oxuyanda bunların nə demək olduğunu desələr, bəlkə də, cavab verə bilməzdim, çünki oxuduqca geriyə qayıtmağa, yolu olmayan bir yolda yavaş-yavaş irəlilədiyimi bilir, geridə qalan bəzi şeylərə əlaqə və marağımın itdiyini hiss eləyirdim, amma bütün varlıqlar maraqlanmaq üçün mənə dəyərli görünürdü. Bu əlaqəylə sarsıldığım, ayaqlarımın titrədiyi vaxt, baş verəcək hadisələrin çoxluğu, zənginliyi, qarmaqarışıqlılığı daxilimdə, bir növ dəhşətə çevrilirdi.
   Bu dəhşətlə birgə kitabdan üzümə fışqıran işıqda köhnəlmiş otaqlar, avtobuslar yorğun insanlar, solğun hərfləri itmiş məhəllələr və həyətlər, xəyallar gördüm. Həmişə yol gedirdik, hər şey bir səfər idi.
   Bu yolda məni həmişə izləyən, ən mümkünsüz yerdə xəyalən qarşıma çıxan, sonra itən, itdiyinə görə özünü axtartdıran bir baxış gördüm. Günahdan, suçdan çoxdan arınmış bir işıq… Çox istəyərdim ki, mən həmin baxış olum. O baxışın gördüyü dünyada olmaq istəyərdim. Bunlara o qədər inanmaq istədim ki, az qala o dünyada yaşadığıma inanırdım. Xeyr, inanmağa ehtiyac yoxdur, mən orada yaşayırdım. Mən orda yaşadığıma görə, təbii ki, kitab da mənim haqqımda olmalı idi, bütün bunlar mənim fikirləşdiklərimi məndən əvvəl başqa adam fikirləşib yazdığına görə belə idi.
   Başa düşdüm ki, kəlmələrlə onların mənə danışdıqları ayrı-ayrı şeylər olmalıdır. Çünki ta əvvəldən kitabın mənimçün yazıldığını hiss elədim. Oxuyanda hər sözün, hər kəlmənin ürəyimə işləməyi, məhz, bu səbəbdən idi. Onların qeyri-adi sözlər olduğuna görə, işıl-işıl parıldadığına görə yox, mənim haqqımda olduğuna və bu hissə qapıldığıma görə belə idi. Bu duyğuya necə aludə olduğumu bilmirəm. Bəlkə də bilirəm, amma yaddan çıxarmışam, çünki qətllər, qəzalar, ölümlər, itmiş işarələrin arasında yolumu tapmağa səy göstərirdim.
    Beləcə, oxuya-oxuya mənim baxışlarım kitabın sözlərinə, kitabın sözləri də mənim baxışlarıma çevrildi. İşıqdan qamaşan gözlərim kitabdakı dünya ilə dünyadakı kitabı bir-birindən ayıra bilmirdi. Sanki dünya, bütün varlıqlar, hər rəng və əşyalar kitabın içində sözlərin arasında idi və mən oxuyanda reallaşa bilən hər şeyi öz ağlımla, sevinc və heyrətlə həyata keçirirdim. Kitab mənə əvvəl pıçıldadığı kimi, sonra bir növ zonquldamaqla, sonra da, sakit halda göstərdiyi nəsnənin mənim ruhumda əvvəllər yaratdığını kitabı oxuduqca başa düşürdüm. Kitab suyun dibində əsrlərdən bəri qalan itmiş bir xəzinəni tapıb ortalığa çıxarırdı, mən sətirlər və sözlərin arasından tapdıqlarıma, “indi bunu da tapdım”, demək istəyirdim. Son səhifələrdə, bir yerdə bunları mən də, fikirləşmişəm demək istədim. Daha sonra kitabın bəhs elədiyi dünyaya tamamilə girəndə, qaranlıqla alaqaranlıq arasından çıxan bir mələk kimi ölümü gördüm. Öz ölümümü...
   Qəfil həyatımın heç fikirləşmədiyim qədər zənginləşdiyini anladım. O vaxt yeganə qorxduğum şey, dünyaya, quldurlara, otağıma, küçələrə baxıb orada kitabın bəhs elədiyi şeyləri görməmək deyildi, ancaq kitabdan uzaq qalmaqdan qorxurdum. Kitabı iki əlimlə tutdum və uşaq vaxtı şəkilli romanları oxuyub qurtaranda elədiyim kimi, səhifələrdə gələn kağız və mürəkkəb qoxusunu qoxladım. Həmin qoxu gəlirdi.
   Stoldan durdum, uşaq vaxtı elədiyim kimi, pəncərəyə tərəf yeriyib alnımı soyuq şüşəyə söykəyib çölə, küçəyə baxdım. Kitabı beş saat əvvəl, günortadan sonra masanın üstünə qoyub oxumağa başlayanda, qarşıdakı səkiyə yaxın dayanmış yük maşını getmişdi, amma boşaldılan maşından aynalı şkaflar, ağır stollar, kiçik stullar, qutular, ayaqlı lampalar yerə qoyulmuşdu, qarşıdakı boş binaya təzə bir ailə köçmüşdü. Üstü açıq və güclü bir lampa işığında, pərdələr asılmadığına görə, orta yaşlı ata və ana, mən yaşda olan oğlanla qızın televizora baxa-baxa şam elədiklərini görürdüm. Qızın saçları qara, televizorun ekranı yaşıl idi. Bu təzə qonşulara bir qədər baxdım, bəlkə də, təzə gəldikləri üçün, onlara baxmaq mənə ləzzət eləyirdi, bu da, sanki məni, bir növ qoruyurdu. Ətrafımdakı tanış, köhnə dünyanın başdan-ayağa dəyişilməyi ilə üzləşmək istəmirdim, amma nə küçələrin köhnə küçələr, nə otağımın əvvəlki otaq, nə də anamın, dostlarımın həmin insanlar olduğuna inanırdım. Hamısında, bir növ düşmənlik, adını dəqiq bilmədiyim təhdid və qorxuducu bir şey olmalı idi. Pəncərədən bir addım çəkildim, amma masanın üstündə məni çağıran kitaba qayıda bilmədim. Həyatımı yoldan çıxardan şey orada, arxamda, masanın üstündə məni gözləyirdi. Nə qədər arxamı çevirsəm də, hər şeyin başlanğıcı orda, kitabın sətirlərinin arasında idi və mən artıq o yolla getməli idim.
   Bir anda əvvəlki həyatımdan qopmaq mənə qorxunc görünməli idi. Bir bəla nəticəsində həyatı geriyə qayıtması mümkün olmayan şəkildə dəyişən adamların etdiyi kimi, həyatımın əvvəlki kimi davam edəcəyini, başıma gələn qəzanın, fəlakətin ya da, o tipli qorxunc şeyin onun başına gəlmədiyini xəyal eləyərək xoşbəxt olmaq istəyirdim. Amma arxamdakı masada hələ açıq olan kitabın varlığını elə hiss eləyirdim ki, daxilimdə həyatımın əvvəlki kimi davam edəyəcəyini xəyalıma da gətirə bilmirdim. Beləcə, anam məni axşam yeməyinə çağıranda, xörək yemək üçün otağımdan çıxdım və yeni həyata öyrənən əcnəbi kimi stolda oturub onunla danışmağa səy göstərdim. Televizoru açdı, boşqablarda qiymətli kartof, zeytun yağı tökülmüş soğan-kəvər, yaşıl salat və almalar var idi. Anam qarşıdakı binaya yeni köçən qonşulardan, mənim günortadan sonra işləməyimdən, bazardan, yağışdan, televizordakı xəbərdən, xəbərlər verilişinin aparıcısından danışdı. Anamı çox istəyirəm, gözəl, kübar, xoşxasiyyətli, insanları başa düşən bir qadındır. Kitabı oxuyub, ondan başqa bir dünyaya girdiyim üçün özümü günahkar sayırdım.
   Kitabın hamı üçün yazıldığını fikirləşirdim, bir tərəfdən də, əvvəllər olduğu kimi, həyat beləcə ağır və pərvazlanmadan uçub gedə bilməzdi. Digər yandan da, kitabın ancaq mənim üçün yazıldığını fikirləşmək mənim kimi mühəndislik oxumuş məntiqli bir adama yaraşmazdı. Onda hər şey necə əvvəlki kimi davam eləyərdi? Kitabın ancaq mənimçün yazılmış bir sirr olduğunu fikirləşməyə də qorxdum. Daha sonra anam kirli qabları yuyanda ona kömək elədim. Ona toxunmaq, içimdəki dünyanı indiyə daşımaq istədim.
   “Əl vurma, əl vurma, mən eləyəcəyəm” - dedi:
   Bir qədər televizora baxdım. Oradakı dünyanı, bəlkə, görə bilərdim, bəlkə də, televizoru bir təpiyə partladardım. Amma baxdığım bizim evdəki, bizim televizor idi. Pencəyimi, küçə ayaqqabılarımı geyindim.
   “Gedirəm”, - dedim.
   “Nə vaxt qayıdacaqsan?”, - dedi anam - ”Səni gözləyim?”
   “Gözləmə, televizorun qarşısında yatıb qalarsan.”
   “Otağının işığını söndürüm?”
   Beləcə, yad ölkənin təhlükəli küçələrinə çıxan kimi, iyirmi iki ildir yaşadığım məhəlləmizdə, uşaqlıq illərimi keçirdiyim küçəyə çıxdım. Nəmli dekabr soyuğunu zəif külək kimi üzümə toxunduğunu hiss eləyəndə öz-özümə dedim, bəlkə də, köhnə dünyadan təzəyə keçən bir neçə şey var. Bunu mənim həyatımı yaradan küçələrdə, səkilərdə yeriyəndə də görəcəkdim. Qaçmaq istəyirdim...
  
   Davamı növbəti sayımızda
  
   Türkcədən uyğunlaşdıran:  Fərid Hüseyn