Bu fikrin müəllifi ömrünü vətən həsrəti ilə başa vurmuş şair Abay Dağlıdır
  
   Azərbaycan ictimaiyyəti Abay Dağlı imzası ilə bağlı kifayət qədər məlumata malik deyil. Bu yöndə çoxlu arxiv sənədlərini araşdıran Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur Abay Dağlının həyatı haqqında məlumat verərək bildirir ki, o, 1906-cı ildə Şuşada anadan olub, əsl adı Cəmil olub. 1913-cü ildə Şuşada ikinci dərəcəli məktəbdə təhsil alıb. 1927-29-cu illərdə Azərbaycanda fəaliyyət göstərən mərkəzi partiya məktəbində oxuyub. Abay Dağlı 1940-cı ilə qədər Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən 1929-32-ci illərdə Şəmkir rayonunda müəllimlik edib. 1932-ci ildə Cəmil Ağayev indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə daxil olur. 1936-cı ildə həmin fakültəni bitirdikdən sonra Şəkidə pedaqoji məktəbdə müəllim işləyir. Onun bu dövrdə müəllimliklə yanaşı, Şəkidə nəşr olunan qəzetlərdə "Şuşalı" təxəllüsü ilə şeir və məqalələr yazaraq çap etdirməsi məlumdur. O, həmçinin jurnalistlik fəaliyyəti ilə də məşğul olub. Həmin illərdə elmi fəaliyyətlə də məşğul olmaq qərarına gəlir. Aspiranturaya daxil olan Abay 1940-cı ildə Nizami muzeyində elmi işçi vəzifəsində çalışıb, XI yüzil Azərbaycan ədəbiyyatı barədə araşdırmalar aparır.
  
   1941-ci ildə gənc alim hərbi xidmətə çağırılır. Lakin Abay Dağlı müharibədən sonra Azərbaycana qayıtmır, ömrünü mühacirətdə başa vurur. O, əvvəl Münhendə, sonralar Ankarada və İstanbulda yaşayır. Maarif Teymur deyir ki, Abay Dağlı Vətənində gördüyü haqsızlıqları yurdunun imperiya caynağında olmasını, xalqın başına gətirilən məşəqqətləri heç cür həzm edə bilmir, bu səbəbdən də mühacirətdə qalmağı, yurdunun ağrı-acılarını dünyaya çatdırmağı qərara alır. O, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasını devirərək onun yerində sosialist Azərbaycanı quran imperiyanın qayda-qanunlarını qəbul edə bilmir. Onun bu dövrdə yazdığı şeirlərində Vətənə, yurda, ulusa bağlılıq motivləri çox güclüdür. Onun "Xanəndə Xana" adlı şeiri bu baxımdan çox xarakterikdir. Abay Dağlı doğulub boya-başa çatdığı Şuşaya, Xarı bülbülə çoxlu yanıqlı şeirlər həsr edib. Bu şeirlərdə onun vətən həsrəti bütün aydınlığı ilə görünür, bilinir. "Səslərəm" adlı şeirində də bu motiv hədsiz güclüdür. Abay Dağlı türkün türkü sevməməsini, daha doğrusu, başqalarına yarımasını heç cürə qəbul edə bilmirdi. O, 30-cu illərdə Azərbaycanın dəyərli oğul və qızlarının başlarına gətirilən müsibətləri görmüş, eşitmişdi. Bütün bu hadisələr onun mənəvi aləmində sovet quruluşuna qarşı nifrət yaradırdı.
   Abay Dağlı Münhendə bir müddət yaşadıqdan sonra 1955-ci ildə Türkiyəyə pənah apardı. Düz 1989-cu ilə kimi bu ölkədə yaşayır.
   Hazırda Abaya Dağlının nəsli yaşayır. O, bu müddət ərzində qohumlarına məktublar yazır, çətinliklə də olsa, onlardan hal-əhval tutur. Sovet rejiminin mahiyyətini bütünlüklə anlayan Abay Dağlı qohumlarına yazdığı məktublarda deyirdi ki, nə etməli, əbədi bir həsrət içindəyik. O, qohumları ilə məktublaşmasına görə doğmalarına əziyyət veriləcəyindən çox narahat olurdu. Abay Dağlının 1960-1969-cu illərdə qohumlarına yazdığı 10-a qədər məktubu hazırda Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur. Məktublarda adı xatırlanan Xanım xala Abay Dağlının bacısıdır. Abay Dağlının adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində açılmış şəxsi fondda onun 300-ə qədər şeiri, tərcümeyi-halı və s. qorunur.
   Maarif Teymur Abay Dağlının klassik ədəbiyyatımızı böyük bir səylə öyrəndiyini deyir: “Onun arzusu bu yöndə maraqlı bir dissertasiya yazmaq idi. Ancaq 1941-ci ildə Abay Dağlı elmi işçi kimi çalışdığı muzeydə ixtisara düşür və müharibəyə göndərilir. Onun müharibəyə gedənə qədər yazdığı şeirlərini bacısı Xanım xala uzun illər ərzində qoruyub-saxlayır. Zəmanənin zəhmindən Xanım xala qardaşı Abay Dağlının Vətənin azadlığına həsr olunmuş şeirlərini qayçı ilə kəsib götürür ki, rejim qardaşını bu şeirlərə görə incitməsin. Bununla yanaşı Xanım xala qardaşının şeirlərini böyük bir sevgi ilə qoruyaraq bu günümüzə çatdırıb. 14 il əvvəl onun təqdim etdiyi materiallar əsasında Abay Dağlının adına arxivimizdə şəxsi fond açdıq. Sonradan Abay Dağlının yaradıcılığından hansı nümunələrin qalmasını soraqlaşmağa çalışdıq. 1991-ci ildə Ramiz Abutalıbov Parisdən gətirdiyi çoxsaylı sənədlərin içərisində Abay Dağlıya aid soraqlar tapıldı. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, Abay Dağlı şeirlərini müxtəlif təxəllüslərlə yazıb. «A.Dağlı», «Ağa Dağlı», «A.Cəmil», «Ağayev Cəmil» və başqa imzalar ona məxsus olub. "Onlar türklərdir" kitabı hazırda arxivimizdə saxlanır. Bu kitab gündəliklər əsasında yazılıb. Abay Dağlı yazır ki, biz türk məmləkətinin tarixini daim öyrənməliyik. Nə qədər ki, yurdumuzun tarixini öyrənməmişik, daim məhrumiyyətlərə, məğlubiyyətlərə məruz qalacağıq. "Onlar türklərdir" kitabında Sibirə sürgün edilən 30 nəfər ziyalının başına gətirilən müsibətlərdən bəhs edilir. 1993-cü ildə Abay Dağlının "Onlar türklərdir" kitabı Bakıda işıq üzü görüb. Həmin kitabda böyük şairimiz Hüseyn Cavidlə bağlı məqamlar da var”.
   Maarif Teymur bu qənaətdədir ki, Abay Dağlının yaradıcılığı ciddi şəkildə araşdırılmalıdır: «Onun əlimizdə olan kitablarının adlarını sadalamaq olar ki, Abay Dağlının geniş erudisiyaya, ruha malik vətənpərvər ziyalı obrazı gözümüzün qarşısında canlansın. Onun "Dədə Qorqud", "Füzuli" pyesləri bu mənada diqqətəlayiqdir. Şəxsən mən 15 il əvvəl Abay Dağlı haqqında bir neçə məqalə yazmışam, şeirlərini, "Dədə Qorqud" pyesini nəşr etdirmişəm. Onun "Füzuli" pyesini isə Anar azərbaycancaya uyğunlaşdıraraq "Azərbaycan" jurnalında nəşr etdirib. Abay Dağlının 10-a qədər pyesi var. "Əsir ruhlar" pyesi mifik, fantastik bir əsərdir. İki gəncin biri-birinə sevgisi əsasında yazılmış bu əsərdə Abay Dağlı belə bir qənaətə gəlir ki, ruhlar heç zaman ölmür. Təəssüf ki, hələ bu əsəri nəşr etdirə bilməmişik. Abay Dağlının uşaqlar üçün yazdığı "Balam-balam" adlı əsəri çox maraqlıdır. Onun yaradıcılığı hələ də tam öyrənilməyib. Onun irsinin bu mənada gələcək nəsillərə çatdırılması çox zəruridir.
   Abay Dağlının şeirləri hazırda Ankaradakı milli kitabxanada mühafizə edilir. Onun əsərləri ilk növbədə obyektivliyi ilə diqqəti cəlb edir. Tanınmış ədəbiyyatşünas Mustafa Haqqı Türkəqul Abay Dağlının "Əski ruhlar" kitabına ön sözündə yazırdı ki, "Onlar türklərdir" əsərindən sonra Abay Dağlı artıq susdu, «Görə biləcəyi işlər bu qədər idi» hökmünü verənlər çox səhv edirlər. Çünki Mirzə Abay kimi hər janrda məzmunlu əsərlər yazmağa qadir olan və hər şeyi nəzər alaraq həyatını milli davaya həsr edən bir mücahid susa bilməzdi. Abay Dağlı xaricdəki ədəbi fəaliyyət zamanı heç bir cəryana və qruplaşmaya qatılmadı, türkçülük və Azərbaycanın istiqlalı fikrini daim bayraq kimi başının üzərinə qaldırdı, bütün qüvvə və bacarığını bu ideya uğrunda mübarizəyə həsr etdi. Türkəqul daha sonra yazır: "İradəli və idealarında türkçülüyə sadiq olan Abay Dağlının yeganə arzusu Azərbaycanın istiqlalına qovuşması və türkçülüyün payıdar olmasıdır".
   Maarif Teymur inanır ki, Abay Dağlının yaradıcılığı bundan sonra daha geniş şəkildə tədqiqata cəlb olunacaq. Türkiyədə Abay Dağlı imzası tanınır. Orada onun bir neçə kitabı işıq üzü görüb. Onun əsərlərinin Azərbaycanda da nəşri və səhnələşdirilməsi yaxşı olardı.
  
   Elçin Qaliboğlu