Elnaz Eyvazlı
   
      
   
   “Bu sevgim də daşa dəydi,
   bəxtəvər daşın başına.

                         Q.Ağsəs
   
   Ay bəxtəvər başlı daşım,
   gözləri aydın başının.
   Gör nə qədər sevgi yatır
   hər qatında yaddaşının.
   
   Aradabir çək başına,
   əllərinə nəm dəyəcək.
   Əyilməyən daş qəddini,
   kədər büküb, qəm əyəcək.
   
   “Bu sevgim də daşa dəydi,”
   düşdü yenə daş başıma.
   Nə bəlaydı gəldi axı,
   aman Allah, çaş başıma?!
   
    * * *
   Bir dəstə çiçək dərəsən,
   bir gözəl çələng hörəsən.
   Burdan kim keçib, görəsən,
   ətrinin qoxusu qalıb?!
   
   Dərd əlindən yana-yana,
   əllərini salıb yana.
   Keçib boylana-boylana,
   yozulmaz yuxusu qalıb.
   
   Gətirmədi yenə bəxti,
   boş qalıbdı tacı-taxtı.
   İtirmişəm gör nə vaxtdı,
   daha nə qorxusu qalıb?!
   
   
   YUXU
   
   Bu da bir şirin yuxu,
   ayılmaq istəmirəm.
   Ayılıb xiffətindən
   bayılmaq istəmirəm.
   
   Min gecədən biridir
   yaşadığım bu gecə.
   Kirpiyimin ucunda
   daşıdığım bu gecə.
   
   Yumulu gözlərimdə
   ömrünü vurdu başa.
   Səhərəcən əriyib
   gözümdə döndü yaşa.
   
   Gecə səni gətirib
   özünə yol yoldaşı.
   Hər yuxuya qarışır
   neçə günümün başı.
  
    * * *
   Səndən ötrü darıxmaq deyil bu,
   daha acı və dəhşətlidir.
   Hər gecə evə gələndə,
   əlimi qapının dəstəyinə atanda,
   bütün əyləncələri geridə qoyub
   xarabama çatanda
   duyuram bu acını.
   Sən heç vaxt qapını arxadan bağlamazdın.
   Qapı həmişə üzümə açıq olardı.
   Nəfəsin qapının o üzündən yandırardı məni…
   Səndən ötrü darıxmaq deyil bu,
   Daha üzücü və dəhşətlidir.
   Yuxulu əllərimi balışına
   Vətən xainini qəbrə tullayan kimi tullayıram.
   Səhərəcən buz kimi yataqda
   it kimi ulayıram.
   Qonşum deyir ki,
   Bu gecə bir köpək bizi yatmağa qoymayıb.
   Qayıt, məni saçlarınla yuvama zəncirlə.
   Həsrətindən köpək olduğumu
   biləcəklərindən qorxmuram.
   Bu, gec-tez hamıya çatacaq.
   Sahibsiz olduğumu bilsələr,
   hərə bir daş atacaq.
  
   YUXU
  
   Bu gecə yuxuma gəlmişdin,
   bu gecə yuxuda sevmisən məni -
   özündən xəbərsiz-ətərsiz.
   Mən səni həyatda ondakı kimi
   nə şirin görmədim, nə də nəşəli.
   Bu gecə yandırdın yenə
   qəlbimdə sönən məşəli.
   Sən mənim özümün idin,
   kimsənin yox.
   Mənim idin, əllərindən
   tutub gedirdim ürəklə.
   Sənin idi o barmaqlar,
   kimsənin yox.
   Mənim idi o barmaqlar,
   keçirmişdim tellərinə.
   Barmaqlarmı?
   Yox! Qarmaqlar!
   Qarmaq idi barmaqlarım,
   tanımırdım əllərimi, gözlərimi.
   Nələr, nələr söyləyirdim!
   Yerə vurub dizlərimi
   bağırırdım, yalvarırdım Tanrıya tutub üzümü.
   Yavaş-yavaş ayrılırdım insanlıqdan,
   tanımırdım öz-özümü.
   Yuxudaydım, amma yenə duyurdum ki özgəninsən.
   İstəmirdim oyatsınlar,
   oyanıb itirim səni.
   Barmaqlarmıı keçirmişdim tellərinə.
   Qarmaq idi barmaqlarım.
   İstəyirdim saçlarından çəkə-çəkə
   səhərə yetirim səni.
   İncimirdin, həzz alırdın
   görmədiyin “vəhşilikdən”.
   Bilirdin ki, səndən ötrü
   yuxu ilə gerçəkliyin arasında vuruşuram.
   Biri yalan, amma şirin.
   Biri gerçək, amma acı.
   Ayılırdım yavaş-yavaş,
   itirirdim yenə səni,
   sən ömrümün,
   ay ömürlük ehtiyacı.
   Sən özün də bükük boynum
   qollarının arasından çıxan zaman
   nalə çəkdin.
   Fəryadına oyananda
   bir mən idim, bir həqiqət, bir sənsizlk…
   Bu gecə yuxumda gördüyüm kimi
   mən heç səni görməmişdim
   elə şirin və nəşəli.
   Bu gecə yandırdın yenə
   qəlbimdə sönən məşəli