İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşir
   Eynşteyn 
   
   
   Axşam saat 9-a işləyirdi. Zəng gözləyirdim, şəxsən tanışlığım olmayan, yalnız kino aləmindən mənə tanış bir insandan müsahibə alacaqdım. Bir az həyəcan vardı. “Telefonun da mikrofonu xarab olmağa vaxt tapdı”?! deyib deyinirdim ki, birdən telefon zəng çaldı.
   

   Onunla söhbətimiz cəmi 15-20 dəqiqə oldu. Bu dəqiqələr içində bir insanı belə yaxından tanıyıb səmimiliyinə, təvazökarlığına heyran qalmamaq və bu böyük insan haqqında kino gününə balaca da olsa bir yazı hədiyyə etməmək günah olardı. Haqqında mücərrəd danışdığım, ömrünün 40 ildən çoxunu kinoya həsr etmiş, filmlərimizdə ikinci rejissor kimi çalışan kamil insan Akif Rüstəmovdur.
   Müsahibə verməkdən imtina etsə də bu vaxta qədər işlədiyi “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Nizami”, “Hökmdarın taleyi”, “Birisigün gecəyarısı”, “Dərviş Parisi partladır”, “Şir evdən getdi”, “O dünyadan salam”, “Qızıl qaz”, “Gümüş gölün əfsanəsi”, “Qala”, “Ölüm növbəsi”, “Təxribat” və s. filmlərdən söhbət etdi. Hazırda Rövşən İsaqın çəkdiyi “Aktrisa” filmində ikinci rejissor kimi işləyən Akif müəllimin kinoda ilk debütü 1969-cu ildə “Uşaqlığın son gecəsi” olub.
   Bayaqdan həvəslə hazırladığım sualları bir kənara qoymuşdum. Müsahibədən imtina etməsi məni bir az pərişan etsə də, söhbətimiz də maraqsız keçmirdi. Onun kino aləmindən ürəklə danışması mənə müsbət enerji bəxş edirdi. Aradabir suallar verib rejissorun kinomuzun indiki durumuna münasibətini də öyrəndim: “Səmimi olaraq deyim ki, hazırda kinomuzdakı vəziyyət optimistdir. Çünki qarşıda böyük bir potensial gücə malik istedadlı yaradıcı gənclik gəlir. Onlara ümidlərim çox böyükdür. Və bir arzum da var ki, dövlətimiz onlar üçün böyük imkanlar yaratsın, Moskva, Nyu-York, Fransa kino akademiyalarında təhsillərini davam etdirib, özlərini daha da mükəmməlləşdirə bilsinlər”.
   Söhbətin bu yerində Jurnalistik «priom»lardan yararlanıb “Sizcə, filmdə əsas yük hansı rejissorun çiyinlərinə düşür? Və nə vaxtsa birinci rejissor işləmək istərdinizmi?” təxribatvari, şou adamlarının dili ilə desək, qalmaqalvari sualımı da verməyi unutmadım. O, birinci sualımı çox təvazökarcasına cavablandırıb “Siz nə danışırsınız, əlbəttə ki, filmin bütün gücü, əziyyəti birinci rejissorun üzərinə düşür” desə də ikinci sualımı sükutla cavablandırdı. Daha doğrusu, “Yox, istəməzdim və bunun da öz səbəbləri var” deyib susdu. Neyləmək olar, mütləq nəsə başqa bir sual vermək lazım idi, yoxsa söhbətimiz bitə bilərdi. Bu dəfə sualı onun tələbələri ilə bağlı verdim. O, tələbələri arasında ikinci rejissor olaraq yolunu davam etdirəcək gənclərin olduğunu inamla qeyd etdi.
   Mənə görə qısa görünən telefon söhbətimiz yekunlaşmaq üzrə idi. Doğrusu, bu məni kədərləndirdi. Çünki deyiləsi çox söz qalmışdı. Amma…
   Sonda Akif Rüstəmov kino günü münasibətilə bütün dostlarını təbrik etdi: “Azərbaycanın bütün kino işçilərini, yaradıcı insanlarımızı, o cümlədən siz kinosevər jurnalistləri də bu gözəl bayramımız münasibətilə ürəkdən təbrik edirəm. Hamıya yaradıcılıq uğurları arzu edib deyirəm ki, işləyin, yaradın, kinomuzu yaşadın!”
   
   Yeganə CANSAİL