Azərbaycan teatr və kinosu təqribən son otuz beş ildə yaşı əlliyə çatmamış neçə-neçə sənətkarı itirib: Müxlis Cənizadə, Fazil Salayev, Səməndər Rzayev, Vəfa Fətullayeva, Hamlet Xanızadə, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev... Onların ən «uzunömürlüsü» cəmi 49 il yaşamaq qisməti olan Hamlet Xanızadə və Şahmar Ələkbərovdu. Könül söhbətlərində bu dəfə danışacaqlarımız da Şahmar haqqındadı. İki «uzunömürlü»dən biri haqqında.
  
   Milli mədəniyyətimizdə parlaq istedadıyla seçilən sənətkarlarımızdan biriydi Şahmar Ələkbərov. Teatrımızın itirdiyi, kinomuzun qazandığı aktyor. Onu belə də adlandırmışdılar. 21 yaşında o zamankı Teatr İnstitutunda ustad Rza Təhmasibin kursunu bitirib, teatra gələndə bir-iki ilə Hamleti oynayacağını zənn edirdi. Onun istedadına inananlar da bu gümandaydı.
   Amma taledi, gümanlar doğrulmadı, istedadla yoğrulmuş neçə-neçə obrazlar yaransa da, Hamlet arzusu içində boğuldu Şahmarın.
   «Dağlarda döyüş» filmindən sonra kinomuz daha bir kəşfini elədi.Teatrda pisikmiş aktyor kinematoqrafın sehrinə düşdü. Və az sonra ərizə yazıb Akademik Dram Teatrından ayrıldı. Amma ömrünün sonunacan teatr nisgilindən qurtulammadı. Onun cavan çağlarında və axır illərdə institutda dərs deməsi kövrək yaşantılarını bölüşmək, qismətinə yazılmış yarımçıq teatr yaradıcılığına tamlıq gətirmək cəhdinə bənzəyirdi. Sənətkarən son illərini görmüş, onunla söhbətlər etmiş, xatirələrini oxumuş şəxs kimi qənaətim belədi.
   Şahmar koloritli aktyor oyunu ilə yanaşı, bənzərsiz səs sahibiydi. Təkrarolunmaz məxmər səsinin sayəsində radionun, dublyajın əvəzsiz sakinlərindən birinə çevrilmişdi. Kinomuzda elə film qəhrəmanları var ki, onların da səsləndirilməsi məhz Şahmara həvalə olunub. Məsələn, «Tütək səsi» filmindəki Cəbrayıl. Rolun ifaçısı kənardan gələn tanınmış aktyordu. Səs isə özümüzünkünün. Milli kinematoqrafımızda bu cür yüksək sənətkalığı yaşlı nəsildə Yusif Vəliyev göstərmişdi. Sonra Həsən Turabov, Hamlet Xanızadə, Həsən Əblüc, Səməndər Rzayevin və başqalarının şəxsində də belə nümunələr gördük. Şahmar həmişə deyərdi ki, lazım gəlsə lap iti, pişiyi dilləndirərik. Başqa yerə yozmaq lazım deyil, yəni həm sənət belə tələb edir, həm də çörək bundan çıxır.
   «Dağlarda döyüş»də sərhədçi, «Mən ki gözəl deyildim»də Məzahir, «Yeddi oğul istərəm»də Qəzənfər, «Qatır Məmməd»də Qatır Məmməd, «Arxadan vurulan zərbə»də Gündüz Kərimbəyli, «Babək»də Cavidan, «Atları yəhərləyin»də kəndçi, «Sizi dünyalar qədər sevirdim»də general Səməd bəy Mehmandarov, «Ötən ilin son gecəsi»ndə ata... Bunlar tam siyahısı deyil onun rollarının. İndi əlüstü yadıma düşənləridi.
   «Sahilsiz gecə» və «Qəzəlxan». Bu filmlərsə rejissor Şahmara məxsusdu. Lənətə gəlmiş xəstəlikdən sonra o, səsi və çöhrəsiylə bəzədiyi ekrandan az qala birdəfəlik ayrılacaqdı. Amma qısa fasilədən sonra Şahmar həyatını bağladığı sənətə yenidən qayıtdı. Bu dəfə rejissor kimi. Elçinin ssenarisi əsasında «Sahilsiz gecə» belə yarandı.
   Azca nəfəs dərib «Qəzəlxan» filmini çəkdi. Ssenarisini də özü yazmışdı. Deyirdi ki, Əliağa Vahidnən bağlı bütün bildiklərimi, istədiklərimi, ideyamı əli qələm tutan, zövqünə inandığım kimə danışırdım, məni arxayın salırdılar, bəs yazarıq, filan eləyərik. Sonra gördüm vaxt gedir, yazan da yox. Başladım özüm yazmağa.
   «Qəzəlxan» tamaşaçıların ixtiyarına 1991-ci ilin oktyabrında verildi. Ondan bir qədər əvvəl kinostudiyada Şahmar müəllimin, baş rolun ifaçısı Loğman Kərimovun, bu sətirlərin müəllifinin və daha bir neçə nəfərin iştirakıyla filmin ilk baxışı oldu.
   Hamı məmnun qalmışdı. Gəncliyində görüb maraqlandığı bir insan - böyük qəzəlxan haqda məhəbbətlə yaradılmış film sonralar da Şahmarın yadigarı və əziz xatirəsi kimi dəyərləndirildi. Əslində o zamandan bəri Əliağa Vahidin xatirəsinə bu ekran əsərindən və mərhum Arif Mansurovun xeyirxahlığıyla ərsəyə gəlmiş heykəldən layiqli töhfə yoxdu.
   Bakı milyonçularının həyatı, onların qurub-yaratdıqları da Şahmarın diqqətindən kənarda deyildi. Musa Nağıyev haqda film çəkmək arzusu da beləcə yaranmışdı. Artıq təcrübəsi varıydı - ssenari yazmağı deyirəm. Amma bu dəfəki ssenarini lentə almaq ona yox, Rövşən Almuradlıya qismət oldu - Şahmardan sonra.
   1992-ci il. Bu il büsbütün yadımdadı. İlin əvvəlində «Səhər» qəzetində alman həkimlərinin Şahmarın imdadına yetişəcəyi barədə şad xəbəri oxuculara çatdırmışdım. Onun dirçəlməsiyçün bütün xərci öhdəsinə götürən şəxs də tapılmışdı. Səfər gerçəkləşdi, sənətkar bir müddət Almaniyada müalicə olundu. Vətənə dönəndən sonra onunla yenidən görüşüb, xeyli söhbətləşdik.
   «Kino» qəzetində geniş bir yazı da dərc elətdirdim. Şahmar nikbiniydi, bir-birinin ardınca filmlər çəkmək istəyirdi. Amma xəstəlik öz işini görürdü. İrəlidə sayılı günlər qalmışdı. Hələ də bilmirəm, o, sonluqdan xəbərsiziydi, yoxsa məğrurluğunu göstərirdi. İyul ayında istedadlı və füsunkar gözəlliyə malik aktrisa Nəcibə Məlikova dünyasını dəyişdi. Həmin günlərdə Şahmar ağır vəziyyətdə xəstəxanaya aparılmışdı. Reanimasiya şəraitinə keçirildikdən sonra ölümə doğru gedirdi. Ümid get-gedə öləziyirdi. Belə günlərin birində onu yataqda mən də gördüm. Gözlər diriydi, yaşarıydı, bənizisə solmuş, xeyli arıqlamışdı. Baxışlarıyla danışırdı, gülümsünürdü. Daha bir dəfə onu görmək istədim. Yaxına buraxmadılar. Bir neçə addımlıqda sistem altında Olum və Ölüm arasında çarpışan insana baxmaq yaman ağırıydı... Gör indi o nə çəkirdi? Yəqin elə bu səbəbdən ağrılara dözməyən, yataqda yaşamaqdan usanan Şahmar isti avqust günlərinin birində seçimini etdi, öz qətlinə fərman verdi, bədəninə qoşulmuş sistemi əliylə ayırdı...
   Avqustun 12-si. Daha cismani Şahmar yoxdu, Nəcibə Məlikovayla yan-yana əbədiyyət səfərinə çıxıb ruhu, cənazəsi və məzarı önünə toplaşanların başı üzərində dolaşır. Bir-birinə qarışan hıçqırıqlar, ürək göynədən iniltilər ərşə bülənd olub. Həsən Əblucun üzüntülü, heykələ dönmüş lal-kar görkəmi indiki kimi gözlərimin qarşısındadı. 11 gün sonra Şahmarın onsuz keçən ilk doğum günündə məzarı başında dayanmağımız da xəyalımdan getmir. Bu dəfə Əblucun hönkürtüsü hamının tükünü tərpətdi, ətimiz ürpəşdi. Hələ o sözlər: «Darıxma, qardaş, mən də gələcəm»... Gücnən toxtamışdıq ki, Alim Qasımov «Ötdü gülüm ağlaram, oldu zülüm ağlaram...» deyib fəryad qopardı.
   Mən tanıdığım Şahmar zarafatcıl, həyatsevər, ailəcanlı, dostpərəst, sadə və mehribanıydı. Birinə mehrini saldısa, ta onnan varıydı. Bildiyimə görə, əvvəllər yeyib-içməklə arası yaxşı olub. Az içən adama, «malometrajka» deyirdi. Bu sözü ilk dəfə eşidəndə mənasını başa düşməmişdim. Hardan biləydim, cavan bir uşağa dünyagörmüş, min bir eniş-yoxuşdan çıxmış Şahmar qəfildən kişmişi gülə-gülə deyir ki, “Ayə, sən də deyəsən, «malometrajka»san ey”. «Ə», «ayə», «maa», «saa»nı ayrı cür şirin deməyi varıydı. Qəzənfəri, Qatır Məmmədi, Cəbrayılı yada salmaq kifayətdi. Qatır Məmməd demişkən, bu rolu o oynamayacaqdı. Çünki filmi Rasim Ocaqov yox, rəhmətlik Hüseyn Seyidzadə çəkirdi. Xeyli iş də görülmüşdü. Qəhrəmanı mərhum aktyorumuz Əlabbas Qədirov oynayırdı. Amma dövrün bir sıra qadağaları, yasaqlarıyla üzləşmiş Seyidzadə yuxarıların ciddi müdaxiləsi nəticəsində filmdən məhrum olur. Bu ayrıca, geniş söhbətin mövzusudu və doğrusu, sevimli Şahmarımızın Qatır Məmmədini görməyimdən nə qədər məmnunamsa, mərhum rejissora dəymiş zərbədə məni bir o qədər sarsıdır.
   Şahmar danışırdı ki, filmin çəkilişləriylə əlaqədar indiki Goranboy rayonuna gediblərmiş, qəhrəmanın yaşadığı yerə. O dövrün şahidləri, hətta Qatır Məmmədin o zaman sağ olan ömür-gün yoldaşı aktyoru görən kimi heyrətləniblər. Adam adama necə oxşayarmış: boy-buxun, qonur gözlər, sifət, danışıq, oturuş-duruş...
   Bəs, daxilən o, qəhrəmanlarından kimə bənzəyir görən? Vətən torpağını şərəflə qorumağa hazır və bu yolda atasına belə aman verməyən sərhədçiyə, əqidəsi uğrunda zamanın qurbanına çevrilən Qəzənfərə, tədqiqatçıların hələ də mübahisəsinə səbəb olan, qaçaq-quldur, yaxud qəhrəman Qatır Məmmədə, məntiqi mühakiməsiylə rəğbət oyadan peşəkar hüquqşünas Gündüz Kərimbəyliyə, Babəkin ustadı igid Cavidana, Həzi Aslanova xeyir-dua verən general Mehmandarova, ruhu balalarının soyuqluğu ucundan boş qalan ocağı üstündə nigaran dolaşan ataya... daha kimə, kimə... Bilmirəm. Şahmarda bütün yüksək keyfiyyətlər varıydı.
   Növbəti ad günü Şahmarsız keçəcək. 66 yaşını bitirəcəkdi. Qocalmış olardı o, saçları da gümüş ağlığında. Daha sakit, təmkinli, müdrik görkəmdə. Onun yoxluğundan bu yana kinomuz da arada olum-qalım arasında çabalayır. Şahmar çabalamağı sevməzdi, həmişə ayaq üstə vüqarlıydı. Qəhrəmanı Qəzənfərə çox bənzədi ölümü. Qəfil güllə Qəzənfəri yaxalayan təki əcəl gəldi. Fəqət fərq bu ki, son anda barmağını büküb «əla» deyəmmədi... Qulağımdasa həzin, nisgil hopmuş səsi gurlayır. Eheeyy... «Ölmə, nə olar, ölmə» deməyə hacət yox. Şahmar yaxındadı, əlimiz yetməsə, ünümüz çatmasa da...
  
   Seymur Elsevər
  
   Qeyd: Fotolar Dövlət Film Fondunun fotoarxivindən götürülüb.