Məşhur amerikalı rejissor, ssenarist və prodüser Con Hyuz 60 yaşında Nyu-Yorkda vəfat edib. C.Hyuz «Evdə tək» filmlərinə ssenari yazması ilə məşhurdur.
   Dostlarına baş çəkmək üçün Nyu-Yorka gedən Hyuz ürək tutmasından vəfat edib. Həyat yoldaşı Nensi ilə 39 il bir yerdə yaşayan Hyuzun 2 oğlu və 4 nəvəsi qalıb.
   Con Hyuz karyerasını 1979-cu ildə teleseriallara və komediya filmlərinə ssenari yazmaqla başlayıb. 1984-cü ildə onun ilk rejissor işi - gənclər üçün «16 qam» adlı komediyası ekrana çıxıb. Filmin ssenarisini də özü yazıb.
   Onun çəkilişlərində iştirak etdiyi ən məşhur film «Evdə tək»in birinci hissəsi olub. O, filmin ssenarisini yazıb və prodüser kimi çıxış edib. «Evdə tək» 1990-cı illərin ən məşhur filmlərindən birinə çevrilib. Valideynləri tərəfindən evdə unudulan 8 yaşlı Kevin obrazını canlandıran Makkaley Kalkinə dünya şöhrəti qazandırıb. Ekran işi dünya prokatında 550 milyon dollar gəlir gətirərək ABŞ-da bədii komediya filmləri arasında rekord vurub.
   Bundan sonra Hyuz «Evdə tək» filminin davamı olan üç seriyaya da ssenari yazıb. Amma onların heç biri orijinal filmin uğurunu təkrarlaya bilməyib. Bundan əlavə, Hyuz «Bethoven», «101 dalmatin», «Flabber» və digər məşhur filmlərə ssenari yazıb. Hyuzun rejissor kimi iştirak etdiyi sonuncu film 1991-ci ildə ekranlara çıxan «Qıvrımsaç Syu» olub.