Mərakeş filmləri kino və fotoqrafiyanın əyləncə növü olmadığını bir daha sübut etdi
   
   Oktyabrın 16-dan 19-dək Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçirildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən mədəniyyət günləri çərçivəsinə musiqi və kino incəsənət növləri daxil edilmişdi.
   Ötən həftə şəhərimizdə daha bir əsrarəngiz ərəb ölkəsinin - Mərakeş Krallığının Mədəniyyət Günləri keçirildi. Bu xüsusda həmin ölkənin mədəniyyətinin aparıcı sahələrindən olan kinosu ilə tanışlıq imkanı qazandıq. Mərakeş filmləri Azərbaycan Kinematoqrafçılar İttifaqının binasında geniş tamaşaçı auditoriyasına təqdim olundu. Açılış mərasimindən sonra kinosevərlərə iki bədii film təqdim olundu: “Baxış” və “Susuzluq”. Dramatik janrda olan bu filmləri tamaşaçılar böyük alqışlarla qarşıladılar.
    Filmdən aldığım təəssürata əsasən bir daha qəti qərara gəldim ki, kino və fotoqrafiya əyləncə vasitəsi deyil. Onlar yalnız və yalnız dünyaya və insan əməllərinə şahid olmaq üçün yaranıblar.
   Fotoqrafiyanı və kinonu gəlir mənbəyi kimi icad etsələr də, onlar bütünlükdə cəmiyyətin estetik zövqünü yüksəltməyə xidmət edir. Artıq son texnologiyalarla təchiz olunan müxtəlif şəcərəli kinonu hər dövrün tarixini yazan vizual ədəbiyyat adlandırmaq olar. Çünki, qulağa asan gələn bəsit cümlələr və soyuqqanlılıqla cəmiyyətə çatdırılan qlobal faciələrin, hadisələrin həlli, təhlili məhz bədii kinoda öz əksini tapır.
   Mərakeş rejissorlarının çəkmiş olduğu “Baxış” və “Susuzluq” filmləri də Qoca Şərqin mikroaləmini, ucqar kəndlərdə yaşayan insanların mental adətlərini, onların psixoloji durumlarını tamaşaçılara real şəkildə çatdıra bildi.
   “Susuzluq” filminin rejissoru Səid Şuraibin yaradıcılığı ilk baxışda bəsit görünsə də, o, hər vəchlə baş verən hadisələrin axarını insan psixologiyası və dinlə əlaqələndirir. Bu baxımdan filmlərin qəliz süjet xətti var. Kadrlardakı hadisələr insan istəklərinə əsasən (insan oğurluğu, yanğın hadisələri və s.) həyata keçirilir. Ancaq hadisələr bütünlüklə dini etiqadlara əsasən cərəyan edir. Məsələn, can verən qocanın başı üstündə Quran oxuyan molla xəstənin gözü görə-görə bunun müqabilində onun oğlundan pul götürür. Və yaxud da kəndin ağsaqqalı Zeid isə cavan oğlan Əliyə kömək etmək istəyi ilə ailəsini dolandırmaq üçün ona pul verir. Əvəzində isə çeşidli “savabları” açıqlayaraq cinayətləri, kənddəki nifaqları onun vasitəsi ilə gerçəkləşdirir.
   Sakinlər Allaha sitayiş edib, inanırlar ki, qurumuş nohurları yenidən su ilə dolacaq, kəndə yenidən su gələcək. Buna görə də onlar torpaqlarında ağalıq edən fransızların maddi köməyindən imtina kimi hərbçilərin kəndə gətirdikləri su nasoslarını ardıcıl olaraq partladır və bununlada kənd sakinlərini susuz qoymağa razı olduqlarını ifadə edirlər. Su nasosları tamamən partladıldıqdan sonra isə kəndə doğrudan da su gəlməyə başlayır. Eyni zamanda onların arzuladıqları kimi ölkələr arasındakı siyasi saziş nəticəsində fransız hərbçiləri ərəb torpaqlarını tərk edirlər. Lakin Allaha sitayiş edib, dini və mental qaydaları əllərində əsas tutan kiçik quldur dəstəsinin özləri isə cinayətə sövq etdikləri yeni ailə qurmuş gənci öldürürlər. Sonda bir qənaətə gəlmək olur ki, rejissorun özü üçün də insan psixologiyası qaranlıqdır.
    Əgər Allah qorxusu bəndə üçün mövcuddursa niyə günah törətməkdən çəkinmir? Yox, bunu maddi, mənəvi sıxıntısı üçün edirsə, niyə ziddiyyətlər aradan qalxdıqdan sonra da bəd əməllərinə son qoymur?
   Müharibənin qlobal bəla olduğunu hamı təsdiqləyir və pisləyir. Qoca Şərqlə Qərb arasındakı müxtəlif qərəzli münasibətlərin məğzi isə elə dünyanın özü kimi anlaşılmaz və sonsuzdur. Bu münasibətləri əks etdirən müxtəlif janrlı filmlər geniş tamaşaçı auditoriyasına dəfələrlə çatdırılsa da, xaos tendensiyasını yaşatmaqda israrlı olan insan simalı şeytanlar, kinoya buna oxşar yeni-yeni süjetlər verməkdən çəkinmirlər. Çeşidli cinayətlərə gözləri bərələ qalan və zaldan təəccüb dolu baxışlarla çıxan tamaşaçı üçünsə belə mövzular ağrılı olsa da, maraqlıdır. Bu mənada kino öz aktuallığını heç vaxt itirmir.
   Misir rejissoru Nurdin Lahmarinin çəkmiş olduğu “Baxış” filmi, kino ilə fotoqrafiyanın nəinki insan həyatındakı rolunu, hətta tarixi əhəmiyyətini sübut edir.
    Kompozisiya şəklində ekranda gördüyümüz təsvirlər bizə əsas verir ki, insan cahilliyinin nələrə nail olacağı haqqında ciddi düşünək. Filmin süjet xətti həddən artıq səliqə ilə yazılmış və montaj prosesi peşəkarlıqla aparılmışdır. Çünki, ilk baxışda darıxdırıcı fon kimi qəbul olunacaq kadrların saniyələrə sığa biləcək mənalı məkan dəyişkənliyi, dəqiq dialoq və replikaları rejissor peşəkarlığından çox onun daxili narahatçılığından və vətəndaşlıq borcunun hər vəchlə yerinə yetirmə istəyindən xəbər verir.
   Filmin dəyərini ölçən əsas amillərdən biri tapdalanmış insan heysiyyatı və fotoqrafiyanın əhəmiyyətidir. Filmin baş qəhrəmanı gənc fotoqrafdır. O, əlində məşğuliyyət kimi gəzdirdiyi fotoaparatı ilə mövcud olduğu məkanın və ətrafdakıların şəklini çəkir. Bütün çəkdiyi şəkillər isə özü də istəmədən məxsus olduğu hərbi hissəsinin cinayətkarlığını tarixə köçürdür. O, özü də bu qanlı tarixin bir hissəsidir. İllər ötsə də təsadüfən, müxtəlif yerlərdə rastlaşdığı şəkillərdəki məqamlar onu rahat yaşamağa qoymur.
   Filmin qəhrəmanı Aleksin məxsus olduğu Fransa quru qoşunlarının kiçik bir alayı Misirin kəndlərini zəbt edib, qadınlarını zorlayır, kişilərinin qüruru ilə oynayır. Ucqar kəndlərdə qəsbkarlıqla məşğul olan əsgərlərin cinayətlərinə əbədi şahidlik edən isə, yalnız onun çəkdiyi şəkillərdir. Bağlanan sazişlər də bu cinayətlərin üstündən xətt çəkib, onu unutdurur. Lakin, ömrünün ahıl çağında rastlaşdığı şəkillər, onu keçmişin ölçüyəgəlməz dəhşətlərini fotoqrafiyanın özü kimi lal baxışlarla seyr etdiyinə görə həyatı boyu mühakimə edir.
   Rejissor Lahmari insanların qəliz, anlaşılmaz psixologiyalarının tərbiyə üsulunu sadəlik və səmimiliyə ünvanlayır. Onun gəldiyi qənaətə görə, insanlar bir-birilərini dil ilə yox elə baxışlarla da anlayıb, həyat hadisələrini nizamlaya bilərlər. Əgər bu baxışlara filmin qəhrəmanı kimi biganə yanaşmasalar. Hər iki filmin bədii mahiyyəti haqqında çox söz demək mümkündür. Ən yaxşısı isə yüz eşitməkdənsə bir dəfə görməkdir. Odur ki, silsilə xarakterli olan belə tədbirlərə biganə qalmayan tamaşaçıların kino estetikasından daim bəhrələnmək imkanları var. Yetər ki, bu tədbirlərin daimi tamaşaçısı olmağa tələssinlər.
   
   Şəhla BÜRCƏLİYEVA,
   kinoşünas