C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında artıq bir neçə film tamamlanmaq üzrədir. Bu barədə qəzetimizə kinostudiyanın istehsalat şöbəsinin rəisi Çingiz Həsənov məlumat verdi: “Artıq “Buta” filminin montaj dövrü bitib. Səsləndirmə üçün hazırlıq işləri aparılır”. Quruluşçu rejissoru İlqar Nəcəf, operatoru Georgi Beridze olan “Buta”, mayasında səmimi insanlıq münasibətləri, dostluq, sevgi hissləri olan ümumiləşdirilmiş ideyalı bir filmdir. Çingiz Həsənov bu il çəkilişlərinə başlanılacaq quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev olan “Bəşəriyyətin xilası” filmi barədə də məlumat verdi: “Hazırda bu filmin hazırlıq işləri aparılır”. 2010-cu ildə daha bir yeni film istehsal olunacaq. Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” adlı filminin də çəkilişləri planlaşdırılır. Filmə Çingiz Hüseynovun ssenarisi əsasında quruluş veriləcək. Film hələ rejissor ssenarisinin hazırlıq mərhələsindədir”. Ç.Həsənovdan onu da öyrəndik ki, quruluşçu rejissor E. Quliyevin “İstanbul reysi” artıq tamamlanmışdır. Onu da qeyd edək ki, filmin mövzusu cəmiyyətdə təklənən iki nəfərdən - qadın və kişidən bəhs edir. Onlardan biri varlı, digəri kasıb olsa da, yalnızlıqlarını bir-biriylə unutmağa çalışırlar və buna da nail olurlar. Dram janrında çəkilmiş filmin ikinci rejissoru Elxan Qasımov, operatoru Kənan Məmmədov, baş rolun ifaçısı isə Elşən Rüstəmovdur.