Xəbər verdiyimiz kimi, bu il 63-cü Kann Beynəlxlaq Film Festivalı 12-23 may tarixində keçiriləcək. Festivalın direktoru Terri Fremo bildirib ki, bu il proqramda nümayişi nəzərdə tutulan filmlərin bir qismini görə bilməyəcəyik: «Bu il çox ağır ildir. Klint İstvud, Daron Aronofski və Qas Van Sent kimi rejissorlar festivala qədər filmlərini başa çatdıra bilməyəcəklər».
   Direktor mətbuatın şövqlə təqdim etdiyi Terens Malikin «Həyat şəcərəsi» filminin festivalda iştirakı barədə də danışıb: «Fransa saytları bu filmin Kannda iştirak edəcəyini əminliklə yazır. Hətta həmin filmdə çəkilmiş Bred Pitt və Şon Pennin də burada olacağını yazırlar. Amma bu barədə açıqlama vermək hələ tezdir». Terri Fremo qeyd edib ki, festival tarixində elə filmlər olub ki, hətta son dəqiqədə festivala çatdırılıb. Amma festivala Rodli Skotun «Robin Qud» filmi ilə start veriləcəyi dəqiqdir. 1997-ci ildə Kann festivalının baş mükafatını qazanmış İran rejissoru Abbas Kiorastami bu dəfə müsabiqədə «Təsdiq olunmuş surət» filmi ilə iştirak edəcək. Bu filmdə baş rolda Jülyet Binoş çəkilib. Aktrisa builki festivalın siması olaraq təsdiq edilib. Asiya kinematoqrafçılarından bu tədbirə Takeşi Kitano, Çan Don Li və başqaları qatılacaq.
   Qeyd edək ki, 63-cü Kann festivalının münsiflər heyətinə «Alisa möcüzələr ölkəsində» filminin rejissoru Tim Barton rəhbərlik edəcək.