Dünyanın bir çox ölkələrində telekanalların sifarişi ilə studiyalarda seriallar və müxtəlif janrlarda filmlər çəkilir. Televiziyalar bu filmləri müxtəlif tamaşaçı auditoriyasına görə öz efirində yerləşdirir. Buraya uşaqlar, evdar qadınlar, gənclər üçün seriallar, eləcə də sənədli və bədii filmlər daxildir. Beləliklə, telekanallar seriallarla tamaşaçıları əyləndirməklə yanaşı, sənədli və bədii filmlər vasitəsilə də maarifləndirmə missiyasını həyata keçirmiş olur. Bəs Azərbaycanın televiziya kanalları bu missiyanı necə yerinə yetirirlər?
   
   
   Bu sualla ilk olaraq dövlət televiziyasına - AzTV-yə müraciət etdik. Xatırladaq ki, ötən əsrin 90-cı illərində bu televiziyada kifayət qədər tamaşaçı auditoriyası qazanan “İtkin gəlin” adlı serial istehsal olunub.
   AzTV-nin Kino və dublyaj departamentindən bu işlə Ədəbi-dram verilişləri departamenti məşğul olduğunu bildirdilər. Adıçəkilən departamentdən isə “ədəbi-dram”ın heç vaxt serial istehsalı ilə məşğul olmadığını qeyd etdilər. Nəticədə məlum oldu ki, əvvəllər burada seriallar çəkilməsinə baxmayaraq, hazırda AzTV serial və film istehsalı ilə məşğul olmur.
   “Lider” və “Space” kanallarında da sırf bu işlə məşğul olan studiyalar mövcud deyil. “Lider” TV-dəki “Azərbaycan” redaksiyasının işi sənədli filmlərin istehsalı ilə məhdudlaşır.
   «Azad Azərbaycan» (ATV) telekanalında isə xeyli vaxtdır ki, yerli istehsal olan “Bacanaqlar” serialı nümayiş olunur. ATV bu serialı “Arı” prodakşnla birgə təqdim edir. Amma bu telekanalda da serial çəkilişinə elə bir maraq yoxdur.
   “Xəzər” TV-də bir müddət “Oskar” prodakşnın istehsalı olan “Ölümsüzlər” silsiləsindən filmlər yayımlandı.
   Bütün bunlar göstərir ki, telekanallar hələlik özəl studiyalarla sistemli formada işbirliyinə başlamayıblar.
   Yuxarıda qeyd olunan telekanallardan fərqli olaraq, ANS və İTV öz tərkiblərində yaratdıqları müstəqil studiyalarda bu tip filmlərin istehsalı ilə məşğuldur. Birincidə bu işi “Bakıfilm”, ikincidə isə “Carçıfilm” həyata keçirir.
   
   Rafiq Səməndər: “Bizim kənardan rejissor dəvət etməyə vəsaitimiz yoxdur”
   
   İTV-də ara-sıra Cavid Təvəkküloğlunun rejissoru olduğu filmlərin anonslarına rast gəlinir. Lakin “Carçıfilm”də hələlik böyük layihələr reallaşmır. Yaradıcılıq birliyinin baş redaktoru Rafiq Səməndər bunu hər bir telekanalın imkanından asılı olduğunu vurğulayır. Onun sözlərinə görə, bu sistem mərhələli şəkildə həll olunmalıdır: “Əgər televiziyada seriallar, filmlər çəkilirsə, bu onun inkişafı deməkdir. “Carçıfilm”də son beş ildə 50-yə yaxın müxtəlif filmlər çəkilib. Gələcəkdə də bu işi sürətləndirəcəyik. Planımızda seriallar da var. Amma onu da deyim ki, rejissor qıtlığı hiss olunur. Üç-dörd rejissorla bir studiyanın işi getmir. Bizdə lazım olan qədər mövzular, ssenarilər var. Amma bu ssenariləri ekranlaşdıracaq, ona gücü çatacaq rejissorlar yoxdur. Cavid Təvəkküloğlunun özü verilişlərdən başlayıb. Yəni rejissorların yetişməyini gözləməliyik”.
   Baş redaktorun nəzərinə çatdırdıq ki, İTV-dən kənarda bu sahəni bilən az-çox rejissorlar var. Həmin rejissorları dəvət etmək mümkündür. “Carçıfilm”in əməkdaşının bizə cavabı belə oldu: “Elə bir məktəb yoxdur ki, göndərəsən oxusun və rejissor olsun. Bunun üçün təcrübə, vaxt lazımdır. Mən İTV-nin rejissorlarından danışıram. Düzdür, axtarsaq kənardan tapmaq olar. Onlar da çox böyük məbləğ istəyir. Bizim kənardan rejissor dəvət etməyə vəsaitimiz yoxdur. Amma işimiz də dayanmayıb. Bu yaxınlarda “Səttar Bəhlulzadə” filmi efirə getdi. “Daşdəmirin nağılı” filmi hazırdır. Çəkdiyimiz bütün filmlər İTV-də nümayiş olunur. Gələcəkdə “Carçıfilm”lə heç bir telekanalın nəzdindəki studiya rəqabət apara bilməyəcək. Sadəcə, bizdə formalaşma prosesi gedir. Film üçün müəyyən qrup olmalıdır. Bu da artıq bizdə yetişir”.
   
   Kamran Qasımov: «Xarici telekanalların səviyyəsinə çatmaq üçün vaxt lazımdır»
   
   “Bakıfilm” kinostudiyasının direktor müavini Kamran Qasımov isə bizim xarici telekanalların səviyyəsinə çatmaq üçün müəyyən vaxt lazım olduğunu bildirdi. Qeyd etdi ki, “Bakıfilm” 2007-ci ildə yaranıb və burada çəkilən filmlər tez-tez ANS-in efirində yayımlanır: “Bizdə “Qızlar”, “Qaydasız döyüş” serialı çəkilib. Hazırda Qarabağ müharibəsindən bəhs edən “Yaddaş” serialını çəkirik. “Bakıfilm” sırf kino anlamının televiziyada necə olması modelini təqdim edir. Dünya televiziyasında məşhur telekanallar bu mövzuları ayrı-ayrı studiyalara sifarış edir. “Bakıfilm” məhsullarını təkcə ANS üçün istehsal etmir. Bizim “Seçilən” filmimiz Dövlət Rus Dram Teatrında nümayış olunub, DVD formatında satışa çıxarılıb. Hazırda “Qaydasız döyüş” serialı da həmin formatda satışdadır. Bu bir sistemdir. Azərbaycan teleməkanı hələ bu sistem üçün təzədir. Axtarışlar var və bəhrəsini verməkdədir».
   Direktor müavininin sözlərinə görə, tamaşaçı yeni filmlər istəyir, bu tələbatı ödəmək lazımdır: «Bütün çatışmazlıqlara baxmayaraq, film keyfiyyətli olmalıdır. Hesab edirəm ki, “Bakıfilm” nəinki televiziya sahəsində, kino sahəsində də öz iddiasını göstərir. Serial sırf tamaşaçı üçün nəzərdə tutulur. Konkret hədəf var. “Sabun operaları” daha yüngül mövzuları əhatə etməlidir. İnsanlara çox yaxın mövzular olmalıdır. Seriallar çəkilərkən onun yayım vaxtı da nəzərə alınmalıdır. Günün xüsusi vaxtı üçün çəkilmiş seriallar olmalıdır. Uşaqlar üçün 10-dan 2-yə qədər, evdar qadınlar üçün 14-dən 20-yə qədər, işdən evə gələnlər üçün 20-dən sonra nümayiş olunmalıdır. Yəni sistem olaraq, hədəf qrupları müəyyənləşməlidir”.
   Sonda qeyd edək ki, Avropa və Latın Amerikası ölkələrinin əksəriyyəti bu sistemlə serialları sifariş edir və yayımlayır. Hələlik telekanalların tələbatını yerli istehsalçılarımız ödəyə bilmir. Buna görə də xarici məhsullar efirimizdə hegemonluq etməkdədir.
   
   İntiqam Hacılı