Muzey Mərkəzinin İncəsənət Qalereyasında Azərbaycanda Özbəkistan Gəncləri Günləri çərçivəsində iki ölkənin gənc rəssamlarının birgə sərgisi açılıb. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə Özbəkistan Gəncləri Günlərinin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
   Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatı nümayəndə heyətinin rəhbəri Firuzə Muxammedcanova sərgidə gənc özbək rəssamlarının ən yaxşı əsərlərinin, eləcə də ölkəsinin uşaq və yeniyetmələri arasında “Siz Azərbaycan haqqında nə bilirsiniz” mövzusunda keçirilən müsabiqəyə təqdim olunmuş rəsm işlərinin nümayiş etdirildiyini nəzərə çatdırıb. Müasir dövrdə dünya gəncləri arasında münasibətlərin qurulmasının vacibliyini qeyd edən nümayəndə heyətinin rəhbəri müştərək sərginin keçirilməsinin ölkələrimizin gənclərinin dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə kömək edəcəyinə əminliyini bildirib.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
   Sərgidə gənc rəssamların 80-dən çox rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur.