Laləni çoxdan tanıyıram. Bır məhəllənin sakinləriyik. Ailəliklə incəsənətə bağlı olduqlarını bilirdim. Oğlu da körpəlikdən rəssamlığa meylli idi. Bu istəklə də İncəsənət Gimnaziyasında oxumağa başladı. 
   
   Həyat yoldaşı, bir müddət sonra Lalə də bu gimnaziyada işləməyə başladı. Amma nə işlə məşğuldur, bilmirdim. Bu günlərdə bildim. Təsadüfən əl işləri ilə tanış oldum və parça üzərində əlvan sapların yaratdığı gözəllik məni valeh etdi. Bu, adi tikmə, toxuma deyil, hər biri mükəmməl bir sənət əsəridir. Bu əsərləri yaratmaq üçün təkcə tikməyi bacarmaq azdır. Lalə həm də gözəl rəssamdır.
   Əl işlərinə baxdıqca həmişə gördüyüm, tanıdığım Lalə bu dəfə gözümə tamam başqa cür dəydi. Rəngbərəng mulinelərlə işlədiyi İçərişəhərin mənzərələri, təbiət təsvirləri, musiqi alətləri o qədər canlı, o qədər gözəldir ki...
   
   - Uşaqlıqdan saplara həvəsim olub, - deyə Lalə sözə başladı. - Kitabları vərəqləyərdim. Xoşuma gələn gözəl şəkilləri, gül-çiçəyi parça üzərində işləyirdim. O vaxtlar elə bil dəb idi, hamının evində belə əl işləri vardı. Sonra məndə toxumağa həvəs oyandı. Qırmaqla toxumağa başladım. Onda 7-ci sinifdə oxuyurdum. Bacım məndən bir yaş böyük idi. Yadımdadır, ona ipək saplardan kofta toxudum. Anam da ona bir yubka tikdi. Mən yubkanın da ətəyini saplarla bəzədim. O qədər gözəl alınmışdı ki... Bu mənim ilk işim idi. Hər dəfə bacım bu dəsti geyinəndə mən ondan çox sevinirdim.
   Məktəbi bitirəndən sonra Lalə böyük həvəslə sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verdi. Atası kimi memar oldu, Layihə İnstitutunda işlədi. Və günlərin birində İncəsənət Gimnaziyasına gəldi, Təsviri və tətbiqi sənət şöbəsində işə başladı.
   - Memar olsam da, yenidən uşaqlıqdan sevdiyim işlə məşğulam. Bu çox incə, zərif, eyni zamanda zəhmət tələb edən bir işdir. Hər gün, heç olmasa, 3-4 saat işləyirəm. Amma bu işdən yorulmuram, zövq alıram.
   Bu sənətə gəldiyi vaxtdan yaratdığı ən böyük işi İçərişəhərlə bağlıdır.
   - İçərişəhərdə bibim yaşayır. Ona tez-tez baş çəkirəm. Amma sonuncu dəfə gedəndə İçərişəhərin dolanbac yollarına, səkilərə, qədim evlərə bir rəssam gözü ilə baxdım və gördüklərimi həmişə yanımda gəzdirdiyim foto aparatın yaddaşına köçürdüm. Və işə başladım. 20 əsər işləmişəm. Burada demək olar ki, hər şey var. Necə təsəvvür edirəmsə, elə də parçaya köçürmüşəm.
   İçərişəhərin təsvirlərindən sonra təbiət mənzərələrinə keçdi. Təbiətin bütün mənzərələrinə - dağına, düzünə, bataqlığına, meşəsinə, gül-çiçəyinə əlvan saplarla başqa həyat verdi. İndi musiqi alətləri üzərində işləyir. Əl işlərini Dünya Musiqi Festivalına göndərmək istəyir.
   - Üç işim artıq hazırdır. “İçərişəhərdə muğam üçlüyü” adlı əsərdə xalçanın üzərində tar, kamança, qaval, qarmon, nağara, balaban əks olunub. İndi isə royal üzərində işləmək istəyirəm. Mən bütün işlərimi əvvəlcə parçanın üzərində çəkmişəm və sonra saplarla işləmişəm. Amma royalı çəkməyəcəyəm. Necə görürəmsə, necə düşünürəmsə, elə də işləyəcəyəm. İnanıram ki, istədiyimi yarada biləcəyəm.
   Biz də buna inanırıq. Dahilərdən biri deyib ki, xeyirxahlığın sübuta ehtiyacı var, istedad üçünsə heç bir dəlil-sübut tələb olunmur, çünki hər şey göz qabağındadır.
   
   Sədaqət Yusifqızı