Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Rəssamlar İttifaqının üzvü Sakit Məmmədova Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib. S.Məmmədovun bu yüksək ada layiq görülməsi azərbaycanlı rəssamın parlaq və qeyri-adi istedadına müasir dövrün böyük sənət ustaları tərəfindən verilən qiymətdir. Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Sakit Məmmədova “Fəxri akademik” diplomunu və medalını təqdim edib. Təqdimat martın 10-da Rusiya paytaxtında “Ənənələr və müasirlik” mövzusunda V Beynəlxalq Moskva festivalının təntənəli bağlanış mərasimində keçirilib.
   UNESCO-nun dəstəyi ilə təşkil edilən festival Rusiya paytaxtının mədəni həyatında hər il qeyd edilən ən əlamətdar hadisələrdən biri sayılır. Dünyanın müxtəlif ölkələrini təmsil edən 200-ə yaxın ən yaxşı rəngkar, heykəltəraş, fotoqraf, qrafika və tətbiqi sənət ustası öz işlərini festivala təqdim ediblər. Festivalın beynəlxalq münsiflər heyətinin rəhbəri SSRİ, Rusiya və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatları laureatı Tahir Salahovdur.
   Təsviri sənət ustası Sakit Məmmədov bu nüfuzlu beynəlxalq festivalda iki nominasiyada: “Müasir rəngkarlıqda ənənələrin qorunub saxlanmasına görə” və “Orijinal dəst-xəttə və fərdi üsluba görə” nominasiyalarında qalib gəlib.
   Qeyd etmək lazımdır ki, Sakit Məmmədovun bu uğuru heç də təsadüfi deyil. Dünyanın ən yaxşı rəssamlıq məktəbləri və fırça ustaları onun parlaq istedadını yüksək qiymətləndirirlər. Rəssamın əsərləri dünyanın məşhur hərraclarına çıxarılır, muzeylərdə saxlanılır, hətta bir sıra tanınmış şəxslərin məşhur kolleksiyalarını bəzəyir. Sakit Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, təkcə onun qələbəsi deyil, zəngin mədəniyyəti və ənənələri ilə tanınan bütün Azərbaycan xalqının uğurudur.