Amerikada Qarabağdan bəhs edən rəsm sərgisi açılıb
   
   ABŞ-ın Pensilvaniya ştatının Lankaster şəhərində yerləşən Millersvil Universitetinin sərgi salonunda AzərTAc-ın dəstəyi ilə “Könlüm keçir Qarabağdan” adlı sərgi açılıb.
   
   Bir ay davam edəcək sərgidə Amerikada yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin tabloları nümayiş etdirilir. Yağlı boya ilə çəkilmiş əsərlərdə rəssamın doğulub boya-başa çatdığı Ağdamın təbiəti, Qarabağın bənzərsiz Cıdır düzü, Şahbulağı, Tərtər və Qarqar çaylarının mənzərələri müxtəlif fəsillərdə təsvir olunub.
   Sərginin açılışında Pensilvaniya ştatındakı Lankaster şəhərinin 400 nəfərədək sənətsevəri iştirak edib. Mərasimdə çıxış edən rəssam bu əsər kolleksiyasının onun üçün xüsusi əhəmiyyət daşıdığın vurğulayıb: “Amerikadakı dostlarıma və tanışlarıma doğma Qarabağımı göstərmək mənim çoxdankı arzum idi. Bu günlər mən, dünyanın istənilən nöqtəsinə səyahət edə bilirəm. Lakin ən əziz məkana, işğal altında olan Qarabağıma gedə bilmirəm. Bu sərgidəki əsərlər mənə boya-başa çatdığım yerlərə, xəyalən də olsa, səyahət etməyə imkan verib. Bu “səyahətə” özümlə bərabər, sərgiyə gələn tamaşaçıları da aparmaq istəyirəm”.
   Rəssam Millersvil Universitetinin kitabxanasına Azərbaycan XİN və Heydər Əliyev Fondunun birgə nəşri olan “Azərbaycana qarşı müharibədə mədəni irsin hədəfə alınması” kitabını hədiyyə edib. Kitabda işğal altında olan Azərbaycan torpaqlarındakı milli mədəni irsimizin ermənilər tərəfindən sistemli şəkildə dağıdılmasına dair faktlar yer alıb.
   Millersvil Universitetinin prezidenti Harvi Ouen Lankaster icmasına Azərbaycan haqda öyrənmək imkanı yaradan sərgini yüksək dəyərləndirib: “Biz Azərbaycan haqda hələ də çox şeyi bilmirik. Şadam ki, bu sərgi vasitəsilə həm universitetin tələbə və müəllimləri, həm də incəsənətlə yaxından maraqlanan Lankaser icması ölkəniz və xalqınız haqda məlumat əldə etmək imkanı qazanacaq”.
   Xatırladaq ki, Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi fevral ayında ABŞ-ın Qarabağ Fondu tərəfindən Vaşinqtonun tanımış “Edison Place Gallery” salonunda da nümayiş etdirilib.