Baladayı Hüseynov Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın portreti olan xalçanı ona hədiyyə edəcək

   İyulun 20-dən 28-dək Türkiyənin İstanbul şəhərində «Qızıl əllər» adlı rəsm sərgisi keçiriləcək. Sərgidə Türkiyənin və müxtəlif ölkələrin rəssamlarının əl işləri nümayiş olunacaq. Azərbaycanı bu tədbirdə Bakının Maştağa kəndində yaşayan tanınmış xalçaçı rəssam Baladayı Hüseynov təmsil edəcək. Sərgidə azərbaycanlı rəssamın bir neçə əsəri, o cümlədən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın portreti işlənmiş xalça nümayiş olunacaq.
   
   Sənət əsəri barədə qəzetimizə məlumat verən usta bildirdi ki, xalça 190x131 sm ölçüdədir. “Bu xalçanı Türkiyənin NTV kanalında göstəriblər. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi də bu sərgidə mənim iştirak etməyimi istəyib». B.Hüseynovun sözlərinə görə, sərginin ziyarətçiləri arasında Rəcəb Tayyib Ərdoğan da olacaq və orada xalçanı baş nazirə hədiyyə edəcək.
   “Qızıl əllər» sərgisində Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə iştirak edəcəyini deyən Baladayı Hüseynov orada nümayiş etdirmək üçün özü ilə «Qobustan», «Xəyal», «Maska» adlı ağac üzərində döymə işlərini də aparacağını bildirdi. Azərbaycan qadınının mənəvi dünyasını özündə əks etdirən “Xəyal” adlı əsər qeyri-adi kompozisiyası ilə diqqəti cəlb edir. Butanın içindəki xəyali qadın obrazı milli sənət növünün ən gözəl nümunələrindən sayıla bilər.
   Qeyd edək ki, B.Hüseynovun əsərləri hələ sovet dövründə respublika, ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş olunub. 1975-ci ildə Azərbaycana gələn görkəmli rus ədibi, Azərbaycanın Xalq şairi adına layiq görülən Nikolay Tixonova usta Baladayının ağac üzərində oyma işini hədiyyə ediblər. Onun yüksək sənətkarlıqla hazırladığı əsər böyük marağa səbəb olub, gənc sənətkar respublikanın rəhbəri Heydər Əliyevin xeyir-duasını alıb. Bu gün də həmin əsər Moskvada, Rusiya Yazıçılar İttifaqının muzeyində saxlanılır.
   Rəssam xalça üzərində ilk dəfə böyük öndər Heydər Əliyevin portretini toxuyub. Əsər hazırda Heydər Əliyev Fondunun eksponatıdır.
   
   F.Abdullayeva