Müasir İncəsənət Muzeyində açılan fotosərgi Azərbaycanı tanımaq və təbliğ etmək baxımından mühüm mədəni hadisədir
İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi açılıb.
Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və iş adamlarının çəkdiyi 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilir. Belə bir sərginin keçirilməsi təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bütün diplomatik qurumlara və xarici iş adamlarına müraciəti edib və müsabiqəyə 30-dək ölkənin vətəndaşları tərəfindən çəkilən 600-dən çox fotoşəkil təqdim olunub. Bu fotolar təbiət mənzərələri, sadə insanların həyatını əks etdirən səhnələr və portretlərdən ibarət olmaqla ölkəmizin əsrarəngiz gözəlliyini əcnəbi qonaqların gözü ilə ifadə edir. Münsiflər heyəti tərəfindən ən yüksək bal toplayan 96 fotoşəkil hazırda Müasir İncəsənət Muzeyində nümayiş olunur.
Açılış mərasimində çıxış edən BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin təşkilinə dəstək verdiyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, 20 il əvvəl öz müstəqilliyini bərpa edən Azərbaycanın BMT-yə qoşulduğunu xatırladaraq vurğulayıb ki, müstəqilliyin ilk illərindəki ağır çətinlikləri uğurla dəf edən ölkəmiz bu gün dünyada güclü iqtisadiyyata malik və inkişaf edən dövlət kimi tanınır. F.Akçura diqqətə çatdırıb ki, Azərbaycanda zəngin karbohidrogen ixracından əldə olunan gəlirlər sosial-iqtisadi və mədəni sahələrdə böyük proqramların həyata keçirilməsinə sərf olunur. BMT-nin İnkişaf Proqramının statistikasına görə, keçmiş sovet ölkələri arasında Azərbaycan son 10 ildə ən yüksək insan inkişafı tempini nümayiş etdirib. Azərbaycanı təbliğ etmək üçün tədbirin gözəl fürsətə çevrildiyini deyən F.Akçura sərginin ölkəmizi beynəlxalq ictimaiyyətə daha yaxşı tanıdacağına əminliyini bildirdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasim iştirakçılarını salamlayaraq qeyd edib ki, bu sərgi ölkəmizə səfər edən tanınmış diplomatların Azərbaycanı necə gördüyünü və anladığını aydın şəkildə nümayiş etdirir: “Azərbaycan gözəl təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin dəyərləri qovuşur. Bu sərgidə siz tarixi abidələri, dini ziyarətgahları, uzaq kəndləri, ölkəmizin təbii gözəlliyini, o cümlədən şəhərdə olan göydələnləri və olduqca maraqlı binaları seyr edəcəksiniz. Hesab edirəm ki, bu sərgi ölkəmizin gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz”.
Leyla xanım Əliyeva çıxışında gənclərin qlobal ətraf mühit kampaniyasına - “Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq” layihəsinə start verildiyini də nəzərə çatdırıb. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrindən minlərlə gənci səfərbər edəcək. 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə bu istiqamətdə müxtəlif layihələr üzərində işləyəcək. Ölkə miqyaslı həmin layihələrdən biri “Ətrafıma yeni baxış” adlanan fotosərgi olacaq.
Polşanın ölkəmizdəki səfiri Mixal Labenda “Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisinin keçirilməsi ilə bağlı uğurlu təşəbbüslə çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə və BMT-nin İnkişaf Proqramına minnətdarlığını bildirib. Səfir bildirib ki, sərgiyə öz işlərini təqdim edən müəlliflərdən ikisi Polşa səfirliyində çalışır. Bu, onların Azərbaycanın gözəlliyinə heyran olduqlarını və bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini təsdiqləyir. Sərginin bütün qonaqlarda böyük təəssürat yaradacağını diqqətə çatdıran səfir ölkəmizin müxtəlif bölgələrinə səyahət edərək daha çox fotoşəkil çəkməyi və gələn il bu müsabiqədə iştirak etməyi planlaşdırdığını vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin açılışını bildirən lenti kəsdikdən sonra ekspozisiya ilə tanış olublar.
“Azərbaycan əcnəbilərin gözü ilə” sərgisi ölkəmizin rəngarəng və qədim mədəniyyətini, memarlıq ənənələrini və son illərin sosial-iqtisadi inkişafını tərənnüm edir. Sərginin maraqlı cəhəti ondan ibarətdir ki, burada yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər nümayişə çıxarılıb.
“Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisi Azərbaycanı tanımaq və təbliğ etmək baxımından mühüm mədəni hadisədir. Bu sərgi bəşər mədəniyyətinin yaranmasında və tərəqqisində öz yeri və öz payı olan Azərbaycanın sonsuz gözəlliklərindən, bu ecazkar diyarın təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən xəbər verir. Sərginin bir amalı da Azərbaycanın mədəni sərvətlərə göstərdiyi diqqət və qayğının nümayişidir. Təqdim olunan fotolardan aydın görünür ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.
Sərgi iyulun 22-dək davam edəcək.