“İnam” Plüralizm Mərkəzinin “Oscar production” studiyasında hazırladığı “Qafqaz Xirosiması” filminin son tamamlama işləri gedir. Erməni işğalçılarının yer üzündən sildiyi Ağdam şəhərinə həsr edilən film Azərbaycan, ingilis və rus dillərində hazırlanır. Bu barədə “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi məlumat verib. Ağdamın işğaldan əvvəlki və indiki görüntülərini əks etdirən 15 dəqiqəlik filmin süjeti Ağdamın indiki mənzərəsini Xirosimanın atom bombasından sonrakı halına bənzədən xarici jurnalist və diplomatların sitatları üzərində qurulub. Kadrlar Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, "İldırımlı yollarla" baleti, Bethovenın 5-ci simfoniyasından seçmə musiqi parçaları, Motsartın “Rekviyem”, Kşiştof Pendereskinin “Xirosima şəhidləri üçün matəm mahnısı”, “Qarabağ bülbülləri”nin ifasında “Bayatı-Şiraz”la müşayiət olunur. Filmin müəllifi olan Vahid Qazinin sözlərinə görə, “Qafqaz Xirosiması” kəlməsini ictimailəşdirməklə, beynəlxalq internet şəbəkələri və axtarış portallarında dünyaya yaymaqla Qarabağ probleminin əsl mahiyyətini daha sadə dillə dünyaya çatdırmaq istəyirlər. Film QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində hazırlanır.