Sentyabrın 15-19-da Türkiyədə I Çanaqqala Troya Film Festivalı keçiriləcək. Festivalda “ən yaxşı film”, “ən yaxşı rejissor”, “ən yaxşı ssenari”, “ən yaxşı musiqi”, “ən yaxşı aktrisa”, “ən yaxşı aktyor”, “ən yaxşı köməkçi aktrisa”, “ən yaxşı köməkçi aktyor” və digər nominasiyalar üzrə mükafatlar təqdim ediləcək. Festivala filmlər iyulun 1-dən 31-dək qəbul olunacaq.
   I Çanaqqala Troya Film Festivalının təşkilat komitəsinin sədri Ərdoğan Ağduman bildirib ki, iyul ayında münsiflər heyətinin tərkibi açıqlanacaq: “Əsas münsiflər heyəti ilə yanaşı, festivalımızda “xalq münsifi” də yaradılacaq. “Ən yaxşı film” üzrə iki mükafatımız var. Bunlardan biri əsas münsiflər heyətinin, digəri isə tamaşaçıların seçdiyi “ən yaxşı film” olacaq”.
   Qeyd edək ki, festival növbəti ildən beynəlxalq səviyyədə təşkil ediləcək. Bu il tammetrajlı filmlərin iştirakı üçün hər hansı bir məhdudiyyət qoyulmayıb. Festivalın şərtlərinə görə, son bir il ərzində çəkilən bütün tammetrajlı filmlər müsabiqəyə qatıla biləcəklər. Gələn ildən Çanaqqala Troya Film Festivalında qısametrajlı filmlər və tələbə filmləri də iştirak etmək hüququ qazanacaq.
   İntiqam Hacılı