“Ritm Production” kino şirkətinin fəaliyyətinin 5 illiyi münasibətilə tələbə və gənclər arasında 5 dəqiqəlik film ssenariləri müsabiqəsi elan edib. Ən yaxşı 5 ssenari şirkətin daxili imkanları hesabına ekranlaşdırılacaq. Qalib ssenarinin müəllifi rejissordursa, filmi də özü çəkəcək. Filmlərin xarici festivallara təqdim olunması da nəzərdə tutulur.
   Ssenarilər iyulun 5-dək qəbul olunur. Qaliblər isə avqustun 5-də elan olunacaq. Şirkətin direktoru Xəqani Həşimovun verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərə imkan yaratmaq, onlara çəkiliş meydançasında, studiyalarda işləmək şəraiti yaratmaqdır: “Kinomuzun sürətli inkişafı üçün yeni nəsillər yetişməlidir. Bunun üçün də dövlət qurumları ilə yanaşı, özəl kino şirkətləri, eyni zamanda yaradıcı və texniki peşəkarlar hər zaman gənc nəslə dəstək olmalıdırlar”.