“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dövlət Dillər Universitetinin maliyyə dəstəyi ilə “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihəsini həyata keçirir. Layihə çərçivəsində iyunun 5-dən 22-nə qədər ABŞ-ın Corc Meyson Universitetində Azərbaycan və Amerika gənc qadın rəssamlarının sərgisi təşkil olunacaq.
   Layihənin məqsədi qadın rəssamlar arasında yeni dialoqa çağırış, yaradıcı qadınların sülhə və optimist gələcəyə can atmaq istəyini nümayiş etdirmək, Azərbaycanın Dağlıq Qarabağ rənglərini göstərməkdir.
   Sərgidə Azərbaycan tərəfdən gənc rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının əsərləri təqdim olunacaq, rəsmlərdə Şuşa həsrəti, Xocalı faciəsinin motivləri üstünlük təşkil edəcək. Sərgidə Amerika rəssamlarını Corc Meyson Universitetinin tələbələri təmsil edəcək.
   Layihənin rəhbəri, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, layihənin iştirakçıları iyunun 3-də Amerika Birləşmiş Ştatlarına yola düşəcək. Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri görür.