Bugünlərdə «Təhsil» nəşriyyatında uşaq ədəbiyyatı nəşrinin tələblərinə cavab verən, nəfis tərtibatlı, rəng, dizayn, mövzu və ideya orijinallığı ilə seçilən dörd komplekt işıq üzü görüb. 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan bu yeni ədəbi nümunələri silsilə xarakterli, ənənəvi uşaq kitabı formatından daha müasir, tutumlu uşaq jurnalı formatına keçid adlandırmaq olar. Hər biri üç kitabdan ibarət olan komplektlərin müəllifi yeni nəşrlərlə tez-tez uşaqların görüşünə gələn onların sevimli yazıçısı Sevinc Nuruqızıdır.
   
    Dönə-dönə nəşr edilən eyni klassik uşaq hekayələri və şeirləri, folklor seçmələri müasir uşaq ədəbiyyatı nümunələrinin azlığından xəbər verir. Odur ki, «Təhsil» nəşriyyatı bu sahədə müəyyən uğurlu addımlar ataraq uşaqlarımıza öz töhfəsini verməyə çalışır. Nəşriyyat bu günün uşağına məhz bu günün yazıçısını qeyri-adi, Azərbaycanda mövcud olan kitab bazarına xas olmayan bir tərzdə təqdim edərək müasir dünyanın tələblərinə uyğun şəkildə iş aparır.
   Sözügedən komplekt üç kitabdan ibarət olmaqla hər biri bir nağıl kitabı, bir rəngləmə və oyun vəsaiti, bir ensiklopedik və tariximizlə bağlı elmi məlumat kitablarını özündə birləşdirir. Qeyd edək ki, müəllif hər dəfə olduğu kimi bu yazılarında da uşaqlarda vətənpərvərlik hissinin inkişaf etdirilməsini də bir vətəndaşlıq vəzifəsi kimi unutmayıb.
   S.Nuruqızıdan aldığımız məlumata görə, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş «Kitab bayramı» çərçivəsində həmin komplektlərə oxucuların xüsusi marağı olub. Belə ki, satış yarmarkasında kifayət qədər bu yeni nəşrlər satılıb.
   Müəllifdən balaca oxuculara daha iki xəbərimiz var. Beləliklə S.Nuruqızının «Təhsil» nəşriyyatında yenicə çap edilən kitablarından biri «Tapmacalar», digəri isə dünya ədəbiyyatından tərcümələrdir. «Tapmacalar» kitabının özəlliyi onun şəkillərlə bəzədilməsidir ki, bu da uşaqların düşünmə qabiliyyətinə kömək edir. Müəllifin tərcümələrinə gəldikdə isə yeni olan odur ki, bu dəfə bəlkə hələ oxucuya tanış olmayan müasir yazarların əsərlərinə daha çox müraciət edilib.
   
   Mina