Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin çəkilişlərinə başlanılıb.
   
   Ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə Milli Məclisin deputatı Qənirə Paşayeva olan sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan şəxslərin fikirləri öz əksini tapacaq.
   Artıq Qənirə Paşayeva və filmin çəkiliş qrupu Milli Qəhrəmanın doğulduğu Biləsuvar rayonunda olub, Mübariz İbrahimovun ailə üzvləri, yaxınları ilə görüşüb, çəkilişlər aparıblar.
   Sentyabrın əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.
   Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mübariz İbrahimov bu il iyunun 18-də şəhid olub.