Amerika Kino Akademiyası növbəti dəfə kino xadimlərini mükafatlandırıb. Akademiya bu dəfə fəxri “Oskar” mükafatlarının laureatlarını elan edib. Qurum məşhur rejissorlardan fransız Jan -Lük Qodara, əslən amerikalı Frensis Ford Koppolaya, tanınmış Hollivud aktyoru Elaya Uollaka və kino tarixçisi Kevin Braunloya mükafatlar veriləcəyini bəyan edib.
   
   Qeyd edək ki, mükafatların təqdimat mərasimi hər il olduğu kimi bu dəfə də noyabrın 13-də “Hollywood and Highland” ticarət-əyləncə mərkəzində təşkil olunacaq şam ziyafətində keçiriləcək. Akademiyanın prezidenti Tom Şerak mətbuata verdiyi müsahibəsində bildirib ki, “bu namizədlərin hər biri kino sənətinin inkişafında göstərdiyi xidmətləri və öz parlaq yaradıcılıqları ilə dünya tamaşaçısının qəlbini ovsunlaya bilib”.
   Onu da qeyd edək ki, rejissor Frensis Ford Koppola “İrvinq Talberq mükafatı”na layiq görülüb. Kinematoqrafçının büstündən ibarət olan bu mükafat, “kino istehsalında yüksək keyfiyyətə görə yaradıcı prodüserə” verilir. Digər namizədlər Qodar , Uollak və Braunlo isə “Oskar”ın fəxri “qızıl heykəlciyi” ilə mükafatlandırılacaqlar. Onlar bu mükafata Amerika Kino Akademiyasının işindəki misilsiz xidmətlərinə və kino sənətinə verdikləri nadir töhfələrə görə layiq görülüblər.   

   Vəfa Zeynalova