Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Cavad xan" filmi oktyabrın 5-də Macarıstanda nümayiş etdiriləcək.
   Bu barədə filmin nümayişi və reklamı ilə məşğul olan "Ulusfilm" prodüser mərkəzinin direktoru Gəray Əlibəyov məlumat verib. Nümayiş Azərbaycanın Macarıstandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Ulusfilm" prodüser mərkəzi tərəfindən təşkil olunacaq. Film Budapeştin mərkəzi kinoteatrında göstəriləcək.
   Macarıstana Gəray Əlibəyovla yanaşı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və Cavad xan obrazının ifaçısı, Xalq artisti Nurəddin Mehdixanlı da gedəcəklər.
   Oktyabrın 4-dən 8-dək davam edəcək səfər çərçivəsində filmlə bağlı müzakirələr də aparılacaq.