Məşhur aktyor Al Paçino HBO telekanalı üçün çəkilən yeni televiziya filmində əfsanəvi musiqi prodüseri Fil Spektorun obrazını canlandıracaq. Filmin ssenarisini əvvəllər Al Paçino ilə birlikdə “Qleqarri Qlen Ross” filmində çalışan Devid Memet yazır.
   Filmin süjeti Fil Spektorun ömrünün son illərinin üzərində qurulacaq. Filmin prodüseri rolunda dəfələrlə “Oskar” mükafatı laureatı “Yağış adamı” filmini çəkən Barri Levinson çıxış edəcək. Al Paçino bildirib ki, filmdə Fil Spektoru oynamaq onun üçün çox maraqlı olacaq. Fil Spektor məşhur musiqiçi və prodüserdir. O, həm də “Səsin divarı” adlı musiqi yazılışının texnologiyasının yaradıcısıdır. 70 yaşlı Fil Spektor 2003-cü ildə baş vermiş Lara Klarksonun qətlində təqsirli bilinərək 2009-cu ildə 19 illik həbs cəzasına məhkum edilib.