Oktyabrın 23-də Ukrayna paytaxtında “Gənclik-2010” 40-cı Beynəlxalq Kiyev kinofestivalı açılacaq. Festivalın baş direktoru Andrey Xalpaxçi bildirib ki, festivalın fəxri qonaqları arasında dünya kinosunun ulduzları az deyil. Tədbirin açılış mərasimində Jerar Depardye və Fanni Ardan, eləcə də “Kartagena” filmini təqdim edəcək Sofi Marso və Kristofer Lambert iştirak edəcəklər.
   Açılış mərasimində Rusiyanın tanınmış aktyor və rejissoru, “Oskar” kino mükafatı laureatı Vladimir Menşov “Dünya kino sənətinin inkişafına verdiyi töhfələrə görə” fəxri mükafatla təltif ediləcək.
   Baş direktor xatırladıb ki, indiyə qədər “Dünya kino sənətinin inkişafına verdiyi töhfələrə görə” fəxri mükafatı müasir kinonun Sofi Loren, Roman Polanski, Ettore Skola, Mario Maniçelli, Yeji Kofman, Nikolay Maşşenko kimi görkəmli xadimlərinə təqdim edilib.
   Kiyev kinofestivalının mükafatının ilk laureatı Ukrayna mənşəli amerikalı rejissor Edvard Dmitrik olub. Keçən il isə bu mükafata fransalı aktrisa Katrin Denev layiq görülüb.