Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Kamança” filmi üzərində son tamamlama işləri gedir. “Debüt” studiyasında istehsalata buraxılan filmin rejissoru Ruslan Hüseyni deyib ki, ekran əsəri səsləndirilmə mərhələsindədir: “Sentyabrda filmin hazırlıqları başladı. Çəkilişlərimiz 10 gün ərzində Ağsuda gerçəkləşdi. Filmin montaj prosesi də yekunlaşıb”.
   Rejissorun sözlərinə görə, 27 dəqiqəlik film tragikomediya janrında ekranlaşdırılıb. Filmin ssenari müəllifi Əjdər Ol, operatoru Əli Sultanov, redaktoru Ayla Osmanova, direktoru Vladimir Dudniçenko, bədii rəhbəri isə Eldar Quliyevdir. Filmdə baş rollarda Qurban İsmayılov, Almaz Amanova, Loğman Kərimov çəkiliblər.