Oktyabrın 25-28-də Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək. Bu münasibətlə “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın Əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Bakıya gələcək. Nümayəndə heyətinə Özbəkistanın Xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir.  

   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda Özbəkistan kinosu günlərinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Oktyabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edəcək. Həmin gün Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi oktyabrın 25-də saat 19.00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
   Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq.
   Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.
   Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü, oktyabrın 28-də “Qala” tarix - etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı yekun mətbuat konfransı keçiriləcək.
   Özbəkistan kinosu günləri çərçivəsində bu ölkə kinematoqrafçılarının bədii, sənədli və cizgi filmləri nümayiş olunacaq:
   
   25 oktyabr
   “Səma altında yol” bədii filmi
   Gənc Tamaşaçılar Teatrı, saat 19.00
   
   26 oktyabr
   “Ötən günlər” bədii filmi
   “Şərq dürdanəsi” sənədli filmi
   ”Azərbaycan” kinoteatrı, saat 19.00
   
   26 oktyabr
   “Özbəkistan çizgi filmləri günü”
   Bakının 236 nömrəli məktəbi, saat 11.00
   
   27 oktyabr
   “18-ci kvadrat” bədii filmi
   “Registan. Səmərqənd gövhəri” sənədli filmi
   ”Azərbaycan” kinoteatrı, saat 19.00