Azərbaycan
   
   24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 - 31.8.1968) Təbrizdə anadan olub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. kitabların müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. 
   24 iyun 1949 - Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov Qusar rayonunun Hil kəndində anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar teatrlarında çalışıb. Milli Dram Teatrının aktyorudur. 
   24 iyun 1955 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (1955 - 17.12.1999) Bakıda doğulub. Azərbaycan Ali Sovetinin (1990-1995) deputatı olub, 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif edilib.
   
   25 iyun 1907 - Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyyətinə 1920-ci ildə Bakıda Əli Bayramov klubunun nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
   25 iyun 1937 - Aşıq, Əməkdar mədəniyyət işçisi İsfəndiyar Adil oğlu Rüstəmov Gədəbəy rayonunda anadan olub.
   25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Televiziyası və Radiosunun solisti olub.
   
   26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
   26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb.
   26 iyun 1922 - Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922-1979) anadan olub.
   26 iyun 1929 - Həkim-yazıçı, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 - 17.10.2011) Gədəbəy rayonunda doğulub. Təbabətlə yanaşı, türkologiya, tarix, ədəbiyyat, musiqi və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.
   26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb, Sumqayıt Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   26 iyun 1985 - Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Həyat bizi sınayır”. 
   
   27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub. 
   27 iyun 1924 - Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) Bakıda anadan olub. 1950-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatr və televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. “Dəli Kür”, “İyirmialtılar”, “Birisi gün gecə yarısı”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s. filmlərdə zəngin obrazlar qalereyası yaradıb.
   27 iyun 2013 - Xalq artisti Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 - 2013) vəfat edib. Musiqili Komediya Teatrında, 1984-cü ildən Milli Dram Teatrında çalışıb. Filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s. 
   
   28 iyun 1842 - Maarifçi, alim, publisist Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) sədri olub.
   28 iyun 1914 - Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 - 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   28 iyun 1925 - Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 - 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?” və s. filmlərdə mahnıları ifa edib.
   28 iyun 1935 - Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.
   
   Dünya
    
   24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. 
   24 iyun 1912 - Rusiyanın Xalq artisti Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Alma almaya bənzər” (“Azərbaycanfilm”) və s.
   24 iyun 1930 - Fransız rejissoru, “yeni dalğa”nın tanınmış nümayəndəsi Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

   25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
   25 iyun 1903 - İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
   25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael - əsl adı Georgios Kyriakos Panayiotou; 1963-2016) anadan olub.
   25 iyun 2009 - Məşhur müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Sağlığında dünyada satılmış albomlarının tirajına (750 milyon) görə “Ginnesin rekordlar kitabı”na düşüb.
   
   26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938) Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
   26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.
   
   27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
   27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
   27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Bronte bacıları”, “Kraliça Marqo” və s.
   
   28 iyun 1577 - Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
   28 iyun 1712 - Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir. 
   28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (roman), “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” (pyes) və s.
   
   Hazırladı: Vüqar Orxan