Azərbaycan
   
   8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, dərsliklərin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.
   
   9 iyul 1821 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi qırğınlar vaxtı el-obasından didərgin düşüb, sonra doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
   9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. Ədib "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. 
   9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939 - 28.3.2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında çalışıb, 1976-cı ildə Akademik Dram Teatrının truppasına qəbul olunub. Televiziya tamaşalarında, filmlərdə (“Biz qayıdacağıq”, “Cavid ömrü”) çəkilib. 
    
   10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
   10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub. 
   10 iyul 1930 - Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Pillələr", "Görünməz dalğa", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Kütlə", "Axirət sevdası" və s. kitabları işıq üzü görüb. Əsərləri xarici dillərə tərcümə edilib.
   10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 - 12.9.1979) anadan olub.
   
   11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olub. 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.
   11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərə quruluş verib. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub. 
   11 iyul 2007 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939 - 2007) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, teletamaşalarda yaddaqalan obrazlar yaradıb. 
   
   Dünya
   
   8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb. 
   8 iyul 1938 - Rusiyanın Xalq artisti Andrey Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə», «İşdə məhəbbət macərası», «Qaraj» və s. filmlərdə çəkilib. 
   
   9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
   9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.
   
   10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.
   10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 - 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.
   
   11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
   11 iyul 1960 - Azərbaycan əsilli İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların (Kann, Venesiya) qalibidir: “Ağ şar”, “Dairə” və s. 

   Hazırladı: Vüqar Orxan