Xəbər verdiyimiz kimi, fevralın 10-da Belarus Milli Sərgi Mərkəzində “Belarus kitabı-2010” XVII Beynəlxalq kitab-sərgi yarmarkası açılıb.
   26 ölkədən 619 eksponat təqdim olunduğu sərgidə Azərbaycandan təqdim olunan nümunələr onların arasında ən layiqli yerlərdən birini tutmağa müvəffəq olub.
   Qeyd edək ki, ölkəmizi təmsil edən nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, reklam-informasiya şöbəsinin nəşriyyat sektorunun məsləhətçisi Elbəy Əli, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov daxildir.
   Rəsmi açılış mərasimində Belarus nazirliklərinin və idarələrinin rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, habelə dünyanın müxtəlif ölkələrindən gəlmiş fəxri qonaqlar iştirak ediblər.
   Azərbaycan stendinə tamaşa edənlər son illər ölkəmizdə nəşr olunmuş siyasi mövzuda kitablara, müasir Azərbaycanın xəritələrinə, habelə mədəniyyət, turizm və milli mətbəxə dair kitablara böyük maraq göstəriblər.