Dünyaca məşhur yazıçı Frans Kafkanın dostu Maks Brodun Kafka haqqındakı kitabında Milenanın ona yazdığı məktubları nəşr edilib. Bu məktublar Kafkanın xəstə olduğu və Milenadan incik düşdüyü vaxtlarda yazılıb. Təəssüflər olsun ki, Milenanın Kafkaya yazdığı məktublar isə əldə yoxdur.
   
   
   Almanca yazmadığım üçün bağışlamağınızı istəyirəm, sizi narahat etdiyim üçün də bağışlayın, amma bilmirəm neyləyim, başım, beynim sanki dayanıb... Heç bir şey mənə təsir etmir artıq, sanki duyğularım korlaşıb. Deyilənləri anlamıram, heç bir şey başa düşmürəm. Son günlərdə dəhşətli şeylər oldu, yenə də xatırlaya bilmirəm. Olanları xatırlaya bilsəm, gərək özümü öldürüm, bircə bunu bilirəm. Niyə, nə üçün, nə səbəbə, necə oldu bunlar? Məktub gözümün qarşısındadır, məndən ölümdən betər bir şey istəyir: deyir ki, “yazma mənə, görüşməyimizə də necə edirsən et, imkan yaratma. Bu arzumu da olsa yerinə yetir, bəlkə o vaxt özümdə yaşamaq gücü tapa bilərəm, yoxsa hər şey qurtarar, hər şey”. Neyləyə bilərəm? Bircə söz də, bir şey yazmağa da cəsarət etmirəm, onsuz da bilmirəm ki, nə soruşum! Bilmirəm! Bilmək istədiyim nədi ki? Onu da bilmirəm. Allah kəssin! Zarafatlarımı beynimə həkk edənə qədər basdırmaq istəyirəm. Yanındaydınız, bəlkə, bir şey bilirsiniz? Günah məndədir. Bunu desəz bəsdir, günahkaram yoxsa, yox? Bilmək istəyirəm, yalvarıram sənə. Allah eşqinə könlümü almaq istəyib “bu söhbətdə heç kəs günahkar deyil” deməyin. Xüsusi olaraq bunları aydınlaşdırmağa da səy göstərməyin. Bütün bu cür qarşılıqları, bütün bunları bilirəm. Maks, sizə inanıram, həyatımın bu ən çətin hissəsində belə - Allah bilir- siz də mənə güvənin, istəyimi başa düşün. Fransın necə bir insan olduğunu bilirəm, nələr olduğunu da bilirəm, - yenə də heç nə bilmirəm - az qalıram ki, dəli olam. Maks, lazım olduğu kimi hərəkət etmək üçün əlimdən gələni etdim, həyatımı ona görə nizamlamışdım, düşüncələrimdə, hisslərimdə əks olan heç bir çey yoxdu, amma hardasa, hansındasa bir günah var, bilirəm. Harda və kimdə olduğunu bilmək, onu öyrənmək istəyirəm. Dərdimi başa sala bilirəm? Baxın bunu bilmək istəyirəm: Digər qadınlar kimi onun xətrinə dəymişəm? Bu dərd-qəmdən ötrü vəziyyəti ağırlaşdı, məndən ona görə qaçır? Ona görə qorxusuna sığışa bilmir, ona görə aradan çəkilməliyəm, həyatından getməliyəm? Günah təkcə məndədi? Yoxsa bunlar mövcudluğumun yaratdığı problemlərdi? Bax, bunları bilməliyəm, bunları bilmək istəyirəm, Maks. Bəlkə də, bunları bilən yeganə insan sizsiniz? Nə olar yazın mənə, xahiş edirəm, hər şeyi olduğu kimi - açıq, çılpaq yazın, ağır, çətin olsa da, həqiqəti yazın, bu haqdakı fikirlərinizi nə olsa, necə olsa bilmək istəyirəm. Yazmaqla böyük cəsarət etdiyimi bilirəm. Vəziyyətini də yazın, bir neçə aydır əhvalı haqda da bilirəm, ümumən isə heç bir şey bilmirəm. İmzalamayacağam, üzr istəyirəm, bu yazdıqlarımı belə təkrar oxuya bilmərəm. Sağ olun!
   Məktubunuza görə də təşəkkür edirəm, bir də mən bir az özümə gəlmişəm. Baxmayaraq ki, bu o qədər də çıxış yolu deyil, amma yenə heç olmasa fikirləşə bilirəm onu... Narahat olmayın, ona yazmaram. Necə yaza bilərəm ki? İnsanların dünyaya hansısa işi görmək üçün gəldiyi həqiqətdirsə, mən ona olan borcumu yerinə yetirə bilmədim. Ona kömək etmədiyimə görə, özündən razılıq göstərib, ona ziyanımın dəyməsini istəyərəmmi heç?
   Onun qorxusunun səbəbini çox yaxşı bilirəm. Frans mənimlə tanış olmamışdan əvvəl də bu qorxunun əsiri idi. Mən Fransı tanımamışdan əvvəl onun qorxusunu tanımışdım. Onun qorxularını da əvvəlcədən bildiyim üçün, nə baş verdiyini başa düşdüyümə görə hazırlıqlı idim, az vaxtda, onun qorxularını məğlub edə bilmişdim. Yanımda qaldığı o dörd gün ərzində Frans da xilas olmuşdu, hətta qorxusunu ələ salmışdıq. Amma bilirəm, onu heç bir sanatoriya sağalda bilməyəcək, qorxusundan xilas olmasa, sağlamlığa qovuşmayacaq. Kökəlməz, çünki qorxusu buna əngəl olur. Bu qorxu təkcə mənə qarşı deyil, hər şeyə görədir, utanmadan mövcud olan hər şeyə qarşıdır. Məsələn, əti sevmir, ətin arsızcasına çılpaq olmağı onu diksindirir, hətta ona baxa da bilmir. Heç olmasa, o günlər ərzində onu bu qorxusundan xilas etmişdim. Diksintilərə qarşı müxtəlif qorxular hiss edəndə, heç səs salmadan bir müddət göz-gözə baxardıq, nəsə belə almağa gücümüz olmurdu, əvvəlcə gözləyərdik, bu vəziyyət uzun davam etmirdi, keçirdi, yenə özünə gəlirdi. Belə olmağına görə səy etməmişdim, onu dağa-təpəyə aparıb gəzdirmişdim, mənimlə ayaqlaşmazdı, mən daha sürətlə yeriyər, irəlidə gedərdim. O gah yıxılıb, gah duraraq arxamca gəlirdi. İndi gözlərimi yuman kimi onu görürəm, bəyaz köynəkdə günəşdən yanmış üzü ilə necə də çatmaq üçün çalışırdı! Günəş, isti bilməyərək bütün gün yeridik, bir dəfə belə olsun öskürməmişdi, başqaları kimi yemək yedi, uşaq kimi şirin-şirin yatdı, xəstə-zad deyildi o günlər ərzində, bəlkə, keçirdiyi adi bir soyuqdəymə idi, heç onu da hiss etməmişdik.
   O, Praqaya qayıdanda mən də onunla getsəydim, çox şey fərqli olardı. Maks, amma gedə bilmədim, bura bağlı idim, ərimdən ayrıla bilməzdim, qadınlığım, bəlkə də, buna əngəl olurdu, ölənə qədər bir rahibə olmağı gözə ala bilməzdim. Sakitləşdirə bilmədiyim bir arzum vardı, hər qadın kimi mən də ana olmaq istəyirəm. Bu yaşadığım həyatla heç bir əlaqəsi olmayan bir arzudur. Bu mənə qadınlığımı hiss etdirəcək, mənə yaşadığımı başa salacaq bir arzu idi. Bu istək və bu itki yəqin ki, ağır olub. Bu ona olan sevgimdən, heyranlığımdan, buralardan qaçmaq istəyimdən daha böyük bir arzu idi. Bu haqda nə desəm də, yalan ola bilər, amma bu saydığım səbəblər həqiqətə ən uyğun olanlardır.
   Bunları götür-qoy edəndə daha iş-işdən keçdi, içimdəki narahatlıqlar mənə özümdən asılı bir şey kimi göründü və bu da məni qorxutdu. Halbuki, Frans bu günə qədər buna qarşı məni əks mövqedən müdafiə etmişdi. Bir müddət yanımda rahatlaşmış, istirahət etmiş, özümdən də asılı olmayaraq onu narahat etməyə başlayanda, mənim yanımda da narahat olmağa başlamışdı. Bilirdim ki, artıq düzələn deyil. Ona necə kömək edə biləcəyimi bildiyim halda, əl uzada bilmirdim, gücsüz idim, Maks. Mənim günahım budur. Bunu eləmədiyimə görə günahkaram, bunu siz də bilirsiniz. Fransın anormal xüsusiyyətləri onun ən gözəl silahı deyilmi? Həyatına girən qadınlar, qadın kimi yaşamaq istədilər. Mənə elə gəlir ki, biz hamımız, bütün dünyadakı insanlar xəstədir, amma o, Frans həqiqəti görən, hiss edən, əsl olduğu kimi təmiz, saf yaşaya bilən yeganə insandır. Həyata qarşı çıxmaq olmaz, bilirəm, amma o həyata qarşı çıxmağı çox yaxşı bilir. Onunla getməyi gözə ala bilsəydim, mənimlə xoşbəxt olardı, bunu, çox gec - bu gün başa düşdüm. O günlərdə mən də bütün digər qadınlar kimi, qadınlığımı ona isbat elədim, qadın kimi yaşamaq istədim, eynən heyvan kimi davrandım. Qorxmağa haqqı çatırdı. Frans hələ olubmu ki, nəyisə başa düşsün, o şey səhv olsun? Bütün insanların bildiyindən milyon qat çox şey bilir. Bəli, qorxmaqda haqlı idi, bu qorxusu yersiz deyildi. Səhv eləmirsiniz, Maks, Frans artıq mənə yazmayacaq. Yazmağa heç nə yoxdur axı. Qorxusundan sonra yazmağa bir sözü də qalmayıb. Məni sevdiyini bilirəm. Məndən bezməz, xeyirxahlığı və utancaqlığı buna əngəl olar. Bu ona bir günah kimi görünər. Özünü çox şeydə günahkar, gücsüz görə? Əslindəsə, düzgünlüyə, təmizliyə çatmağın lazım olduğunu onun qədər heç kəs bilmir, nə də onun qədər səy göstərməyib. Bunun belə olduğunu, qanımın son qramına qədər biləcəyəm, yenə də inanmaq istəyirəm. Necə dözə bilərəm? Onsuz yaşamağa necə dayanacağam? Başa düşə bilmirəm. Səhərdən axşama qədər küçədə gəzir, səhərə qədər pəncərəmin qarşısında otururam, fikrimdən min cür şey keçir, sanki nazik bir qarmağa ilişib ürəyim. Dözülməzdi.
   Həm də xəstəyəm. Ayaq üstə dayana bilirəmsə, bu o deməkdir ki, güclə yaşayıram... Məni yaşadan, məni bu günə salan şey də o şüuraltı yaşamaq eşqidir. Kədər, həsrət və sairlə, görəsən, niyə hələ dəli olmuram? Çox tənhayam, lalların tənhalığına bənzəyir tənhalığım, ona görə bu boşboğazlığımı normal qarşılayın, mənə qulaq asan birini tapan kimi ürəyimdəkiləri boşaldıram, daha susa bilmərəm. Xeyr, xeyr Fransa yazmaram, narahat olmayın, bir sətir də yazmaram. Neyləyəcəyimi bilirəm. Yazın əvvəllərində Praqaya gəlməyi fikirləşirəm, sizə də baş çəkərəm. Hər gün poçta baş çəkirəm, hələ öyrəşə bilməmişəm. Təşəkkür edirəm.
   Milena P.
   
   Azərbaycan dilinə uyğunlaşdıran:
   Fərid Hüseyn