QANADLI ADAM
   
   Hamı ona qanadına görə hörmət edirdi. Axı, zəmanəmizdə qanadlı adamlar çox azdı. Günlərin birində qanadsız adamlar qanadlı adamın qanadını sındırdılar. İndi də adamlar şikəst qanadına görə ona hörmət etməyə başladılar. Qanadsız adamlar dözməyib qanadlı adamın qanadını dibindən kəsdirdilər. Bu dəfə adamlar onu dünyanın ən yaxşı qanadlı adamı kimi xatırladılar...
   Qanadlı adamın ölümündən çox, lap çox illər keçir. Adamlar o ümidlə yaşayır ki, nə vaxtsa dünyaya yenə onun kimi qanadlı bir adam gələcək...
   
   TORPAQ ADAMLARI
   
   O, birdən anladı ki, insanların böyük əksəriyyəti uzun ömründə bircə dəfə də başını qaldırıb yuxarı baxmır. Bircə dəfə də göylərə baxıb kainatın sonsuzluğunda uçmaq istəmir. Başıaşağı böyüyür, işləyir, sevir, çoxalır, axırda başıaşağı da torpağın altına girir.
   Çox istərdi ki, torpaq adamları nə vaxtsa başlarını qaldırıb göyə baxsınlar, ömürlərində bir dəfə hardan gəldiklərini, niyə gəldiklərini və hara gedəcəklərini özlərinə sual verib heyrətlənsinlər...
   
   AXTARIŞ
   
   Onda cavanca bir uşaq idi. İlk dəfə yazın gözəlliyini görəndə ağlı başından çıxdı. Yazın rənglərini gözlərinə çəkib kətana köçürmək istədi. Qorxdu ki, yaz bir də gəlməz, gəlsə də, bu gözəllikdə gəlməz. Çəkəcəyi tabloya ad da qoydu ”O, hardasa yaxındadı”.
   Bir az da böyüdü. Yayda nənəsigilin qonşuluğuna köçən yaşılgözlü, sarışın, günəşəoxşar qızı görəndə ürəyi həyəcandan elə döyündü ki, bəstəkar olmaq arzusu rəssam olmaq arzusunu üstələdi. Elə bil belə istəyi-zadı olmamışdı. İstədi sevən qəlbinin çırpıntılarını olduğu kimi nota köçürsün, dünyanın bütün sevən insanları da gecə-gündüz bu melodiyanı zümzümə etsin.
   İllər sonra xeyli ağıllanmışdı. İstədi kainatın fəlsəfəsini açsın.Niyə kainat yaranıb? Qalaktikada insan məskəni üçün niyə məhz Yer seçilib? Bu suallara cavab tapmaq istədi. Çox çalışdı, çox axtardı, çox aradı... sonda, lap sonda anladı ki, bu suallara cavab tapmaq üçün gərək Tanrı olasan. O isə adicə bir insan idi. Bunu anlayan kimi sakitləşdi...    

   UÇAN DÜNYA
   
   Ovcundakı dünya qəfildən titrədi. Uşaq yumruğunu qulağına yaxınlaşdırdı.
   Ovcundakı vızıldadı:
   - Bilirsən, mən kiməm?
   - Kimsən? - uşaq sadəlövhcəsinə soruşdu.
   - Mən dünyanın özüyəm.
   Uşağı maraq bürüdü. Dünyanı görmək həvəsiylə ovcunu açdı. Qırmızı xallı parabüzən havaya qalxdı.
   Uşaq uçan dünyanın arxasıycan baxıb acı-acı ağladı...
   
   SEVGİNİN ŞƏKLİ
   
   40 ilin rəssamı ömründə ilk dəfə qəribə sifariş aldı. Müştəri ondan sevginin şəklini çəkməsini istəyirdi. Rəssam saatlarla fikirləşdi, günlərlə düşündü, rəngdən-rəngə düşdü, əlindən gələni etdi. Vaxt-vədə yetişəndə tablonu ehtiyatla büküb sahibinə göndərdi.
   Sifarişçi həyəcandan barmaqları titrəyə-titrəyə tablonu açdı və heyrətdən donub qaldı. Fırça toxunmamış ağ kətan sevginin şəkliydi...
   
   SƏS
   
   40 yaş hara, sevgi hara? Utandı, özü də bərk utandı sevgisindən. Düşündü ki, 40 yaş peyğəmbər yaşıdı. Onu da bilirdi ki, Yer üzünə daha peyğəmbər gəlməyəcək.
   Kədər onu bürüyəndə yaxından, çox yaxından mehriban bir səs eşitdi:
   - Sevmək elə peyğəmbərlikdi...
   
   QISQANCLIQ
   
   Məni nə qədər istəyirsən?
   Qəfil sual onu çaşdırdı. Yanağına xəfif qızartı çökdü. Sonra ciddiləşib pıçıldadı:
   - Tanrı qədər yox.
   Qısqandı. Tanrı olmaq üçün getdi və bir daha geri dönmədi...
   
   PAYIZ MELODİYASI
   
   Yenə yağış yağacaq... Yenə yağış yağıb xeyli yalançı göllər yaradacaq. Yenə ağacdakı saralmış ağcaqayın yarpağı əksini bu balaca gölməçədə görüb özünü budaqdan atacaq. Yenə yağış yağacaq... Bir durna qatarı baş götürüb cənuba uçacaq, qoca qarı özü kimi sınıq-salxaq köhnə cəhrəsini evin başında quracaq.
   Yenə yağış yağacaq, ocaq çatılacaq, od qalanacaq. Yenə aşıq Səməd qara zurnada “Ağ dəvə” çalacaq, gəlin gedən bir qız “Vağzalı”nın səsinə, küləyin əsməsinə, ayrılığın həsrətinə qarışıb ağlayacaq. Yenə yağış yağacaq.
   Damlalar bir-birini qovacaq, hava soyuyacaq ”payızdı” - deyib bilirsiz kimlər qorxacaq: qocalar, xəstələr, bir də, bir də kimsəsizlər...
   
   Təranə Məmmədova