Fransa, Rusiya və başqa millətlərin inqilabları həmin xalqları oyatdı, necə deyərlər, adam cərgəsinə qoşdu. Onlar da döyülərək, döyərək bu yoldan keçib gəldilər. Amma, nədənsə, onlara qılınc xristianı demirlər, amma qılınc müsəlmanı sözü hələ də işlənir.
   
   * * *
    “Əgər dünyanın o başında da düşünən biri varsa, mənim oğlum odur”. Təəssüf ki, bu sözün yiyəsinin adını yaddaşımın arxivindən tapmağa indiki halda acizlik göstərirəm. Amma bu söz üçün əlini həmişə “OKEY” düyməsinin üstünə qoymağa hazıram.
   
   * * *
   Rus ədəbiyyatında Lev Tolstoy qədər çoxşaxəli yaradıcılığa malik ikinci yazıçı tapmaq çətindir, o sanki əlifbadakı hərfləri adlamaq istəyib, mövcud olan dildən, dindən hər şeydən fövqə qalxmaq istəyib. Rahat həyat şəraiti ona imkan verirdi ki, bunu etsin. Amma bu qədər də sərhədsiz olmaq inanılmazdır. “Hərb və Sülh”ü yeddi dəfə yazdığını nəzərə alsaq, bir dəfə zorla oxunan bu əsərin müəllif üçün başa gələn müqəddəs ağırlığını yəqin ki, anlamamış olmazsınız. L.Tolstoy dünyada F.M.Dostoyevski qədər sevilmir, amma maraqlıdır ki, dünyada Şekspirdən sonra ən çox çap olunan müəllifdir. Dostoyevski insan əzabının içindən çıxarır bütün mövzuları, Tolstoysa birbaşa oxucuya hesabat verməyə çalışır. Tolstoyun didaktikaya meyillənməsi təbii ki, uşaq ədəbiyyatına sevgisindən sonra başlayıb və bu, bütün yaradıcılığı boyu onun yaxasını buraxmayıb. Halbuki, fikir miqyası Tolstoyda daha genişdir, Şərqə meyilliliyini də bura artırsaq, onun yaradıcılığında sərhədaşma aydın hiss olunur.
   
   Fərid