Ekspozisiyanın may-iyun aylarında Bakıda nümayişi də gözlənilir
   
   Aprelin 3-də Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyində “Böyük çölün irsi: zərgərlik sənəti şedevrləri” sərgisinin açılışı olub. Sərgi Qazaxıstan Milli Muzeyinin saxlancındakı unikal eksponatları səyyar nümayişə çıxarıb. Həmin eksponatların arasında məşhur arxeoloji tapıntı - “Qızıl adam” da var. 
   Qazaxıstanın simvollarından hesab olunan “Qızıl adam” tamamilə qızıldan düzəldilmiş sak döyüşçüsünün geyimidir. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən Almatı vilayətindəki İssık kurqanından tapılmış “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkarlanıb. Arxeoloqlar həmin kurqanın kameralarından ümumi sayı 4 min 800 ədəd olan bəzək əşyası tapmışdılar ki, bu da zənginliyinə görə firon Tutanhamonun sərdabəsindən sonra dünyada ikinci sərdabə deməkdir. 
   Sərgidə Qazaxıstan muzeyinin fondlarından bizim eradan əvvəlki VII-III əsrlərə aid edilən qızıl məmulatları, eləcə də XIX-XX əsrin ortalarınadək zərgərlik sənətinə aid edilən 170 predmetdən ibarət gümüş qadın zinət əşyaları yer alıb. 
   Sərgi Qazaxıstan Milli Muzeyinin “Qızıl adam”ın dünya muzeylərinə yürüşü” adlı beynəlxalq layihəsi çərçivəsində təşkil olunub. Məqsəd dünya ictimaiyyətini Avrasiyanın böyük çöl qurşağının zəngin mədəni irsi ilə tanış etməkdir. Layihənin marşrutu 2020-ci ilədək MDB, Asiya, Avropa və Amerika ölkələrini əhatə edəcək.
   Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Milli Muzeyi arasında əldə olunan razılığa əsasən, “Böyük çölün irsi: zərgərlik sənəti şedevrləri” sərgisinin 2018-ci ilin may-iyun aylarında Bakıda da nümayişi nəzərdə tutulub.

Gülcahan Mirməmməd