Bir əsərin tarixçəsi 
    
   
   Hələ sağlığında ümumxalq məhəbbəti qazanan Xalq şairi Səməd Vurğunun vəfatından cəmisi beş il sonra paytaxtımızın qələbəlik duyulan mərkəzlərindən birində tunc abidəsinin ucaldılması da onun xatirəsinə sonsuz ehtiramın göstəricisi idi. Zamanında onun yurdumuza sevgi ilə bələnmiş poeziya nümunələrini, xüsusilə də “Azərbaycan” şeirini dilinin əzbərinə çevirən gənclərdən biri də o vaxtlar rəssamlıq sahəsində ixtisas təhsili alan Mikayıl Abdullayev olmuşdur. 
   Bakı Rəssamlıq Texnikumunda təhsilini (1935-1939) başa vurandan sonra Moskvadakı V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda oxuyan və II Dünya müharibəsinin başlanması ilə təhsilini yarımçıq qoyub Bakıya dönən Mikayıl Abdullayevdə məşhur şairin portretini yaratmaq fikri yaranır. Səməd Vurğun gəncliyindən qazandığı el məhəbbətini müharibə illərində yazdığı vətənpərvərlik ruhlu şeirlərilə daha da artırmışdı. Bunu hamı kimi tələbə-rəssam da görürdü. 
   Həmin dövrü sağlığında daima yaddaşında yaşadan Mikayıl Abdullayev bu barədə xatirələrində yazır: “Mənim də ürəyimdən keçirdi ki, nə olaydı, bir sevimli Səmədimizin portretini naturadan çəkəydim. O vaxt rəssam İ.Rıjenko Səmədin Moskvada Kremldə çıxışı zamanı sol əlində kağız tutmuş, sağ əlini yuxarı qalxızmış məşhur fotosunu yağlı boya ilə böyütmüşdü. Bir də o vaxtlar naturadan portret çəkən çox az idi. Bəzi hallarda bu üsul müsbət nəticə vermədiyindən hələ-hələ buna razılıq verən “obyekt” də çox az olurdu. Belə ki, vaxtlarına heyfləri gəlirdi. Həmin illərdə isə mən bu sahədə az-çox təcrübə əldə etmişdim. Artıq ədəbiyyat və incəsənət xadimlərimizin bir sıra məşhur nümayəndələrinin portretlərini naturadan çəkmişdim; Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Mərziyə Davudovanın, Şövkət Məmmədovanın, Mirzə İbrahimovun (birinci portret), yaxud bəzi evlərdə indi də saxlanılan R.Topçubaşovanın, S.Aşurbəylinin, P.Əzimzadənin, Z.İsmayılovanın, Ə.İsmayılovun, T.Badırovanın, Z.Quliyevanın və bir çox başqalarının portretlərini işləmişdim. Odur ki, bu işə cəsarətim çatırdı və bir gənc rəssam kimi, məni bu cəhətdən tanımağa başlamışdılar.
   1944-cü ilin baharı idi. Səməd Vurğunun portretini çəkməyi qət etmişdim. Zəng edib özüylə danışdım. Mənə dedi ki, “Ayə, bir istirahət günü gəlsənə evə, bir baxaq görək, nə var, nə yox...” 
   Bundan sonra gənc rəssam iki dəfə şairin keçmiş Apteklər İdarəsinin binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə gedir. Amma hər dəfə şairin evinin qonaq-qaralı olması rəssama arzusunu gerçəkləşdirməyə imkan vermir. Belə ki, rəssam bu gəlişləri zamanı yalnız bir baş etüdü ilə kifayətlənməli olur. Odur ki, Mikayıl Abdullayevin istəyinin səmimiliyinə inanan Səməd Vurğun deyir: “Ayə, bu iş aranlıq, sakitlik sevir, gəlsənə, qoyaq bunu bağa? Gələn həftə bağa köçməliyik. Bağda mən sənin ixtiyarında...”
   Gənc fırça ustası tanınmış şairin bu təklifinə məmnuniyyətlə razılıq verir. Tezcə də bir neçə gündən sonra işləyəcək portret üçün kətan hazırlayır və onu köçü daşıyan maşınla bağa apartdırır. Bir həftədən sonra rəssam bağda istirahət edən şairin portretini çəkməyə başlayır. 
   Mikayıl Abdullayev həmin günləri belə xatırlayır: “Portreti başlamaq üçün əvvəlcə yer seçməli olduq. Qət etdik ki, qaraağac yanındakı kiçik evin ikinci mərtəbəsində açıq külafirəngidə işləyək. Burada, qaraağacın altında, havanın bürküsündə belə yer yüngül bir sərinlik olardı. Səməd ağ süfrə salınmış masa arxasında - qaraağac fonunda yerini rahatladı. Kağız-qələm ortaya gəldi və o öz işinə başladı. Arabir başını qaldırıb xəyala dalır, sonra dağılan saçlarını sol əli ilə alnından yığırdı (Saç dedim yadıma düşdü. Həmin 1944-cü ilin yayında şairin saçları ağarmağa başlamışdı və əynindəki boz pencəyinin rənginə yaxınlaşmışdı). Qət etdim ki, elə bu vəziyyət çox təbiidir. Odur ki, mən də üzbəüzdə öz yerimi rahatladım və molbertin hər üç ayağını qırın dəlmə-deşik yerinə bənd edib, işə başladım. Səməddən xahişim yalnız o idi ki, mümkün qədər təbii dayansın və özünü sərbəst hiss etsin. Bu minvalla həftədə 2-3 dəfə şairin sürücüsü ilə şəhərdən Şüvəlana gələrdim. Onun uşaqları - Yusif, Aybəniz, Vaqif həyətdə qonşu uşaqlarla oynayıb daim səs-küy salardılr. Uşaqların səsi hələ uzaqdan, hasara çatmamışdan eşidilərdi. Oğlan uşaqlarının nadincliyi nənələrini yaman narahat edərdi və onu hövsələdən çıxarardı... Hətta o da yadımdadır ki, bu işi Səməd bəyənməzdi və deyərdi: “Ayə, uşaqdılar, nə olar? Qoy nə qədər bilirlər oynasınlar. Böyüyəndə oynamayacaqlar”.
   Bir dəfə yenə gəlmişdim, dedilər Səməd dənizdədir. Özü də deyib ki, mütləq gözləsin. Yuxarı çıxıb palitranı sahmana salıb, elə qəzetləri yenicə gözdən keçirirdim ki, bir də eşitdim həyətin o başından Səmədin uca səsi gəlir: “Ayə, dənizdən adam tutmuşam. Ayə, dənizdən adam çıxartmışam...” Dönüb gördüm, doğrudan da, Səməd kiminsə qolundan tutub gətirir. Uşaqlar isə onun qabağına qaçaraq: “Mehdi əmi, Mehdi əmi” deyə onları dövrəyə aldılar. Sonra hər ikisi yuxarı qalxdı. Səməd bizi Mehdi Hüseynlə tanış etdi və dedi ki, - “Ayə, Mehdi bilirsən Mikayıl bizim İsmayılın kiçik qardaşıdır”.
   Yeri gəlmişkən, xatırladım ki, qardaşım İsmayıl qələm əhli olmuşdur. 20-ci illərin ikinci yarısı və 30-cu illərin birinci yarısında qəzet işçisi, jurnalist və tənqidçi kimi fəaliyyət göstərmişdir. Odur ki, Mehdi məndən İsmayılı soruşdu. Dedim, elə 42-ci ilin sentyabrında Kerçdə həlak olub xəbərindən başqa bir soraq yoxdur.
   Nahar vaxtı sağlıqlar deyilirdi. Mənə növbə çatanda Səməd mənim də ünvanıma bir neçə xoş söz deyib, xoş arzularını bildirdi. Mehdi isə dedi: “Mən Səmədlə razıyam. Doğrudan da işin göz qabağındadır, amma, çalış qardaşına oxşama...” deyib gülməyə başladı...
   Səməd üzünü mənə tutub dedi: “Ayə, bu tənqidçi tayfası (başıyla Mehdiyə işarə edərək) yaman kinli olur. O vaxt uşaq olmusan, yadına gəlməz. Qəribə işlər var idi. Böyüklü-kiçikli cəmiyyətlər var idi. “AZAP”, “RAP”, “AZORİS”... hələ bir yana dursun, iki-üç nəfərdən ibarət “cəmiyyət”lər də var idi. Belə ki, sənin qardaşınla bu Mehdi az çəkişməmişdilər. Odur ki, indi yanan yerdən tüstü gəlir...”
   Biz gülüşdük. Mehdi dedi: “Getsin o günlər, gəlməsin. Çox qarmaqarışıq vaxt idi. Düzü, o günü daha işləməli olmadım. Şairin sürücüsü bizi Mehdilə bir maşında şəhərə gətirdi.
   Növbəti seansların birində Səməd adəti üzrə çay istədi. Aşağıdan çayı Aybəniz gətirdi. Atası bildirdi ki, qızı gətirdiyi çayın başqa ləzzəti olur və hətta bu ona ilham verir. Bu fikir nə isə məni tutdu. Tənəffüs vaxtı lövhəyə diqqətlə baxdım və qərara gəldim ki, sol tərəfdə başı hündür masaya güclə çatan, əlləri çay tutmuş Aybənizi bu kompozisiyaya əlavə etmək yaxşı olar. Fikrim evdəkilər tərəfindən bəyənildi və Xavər xanım kiçik Aybənizi cavanəzən sayağı geyindirib, başına ipək örpək bağladı. Belə bir canlı detalı lövhəyə əlavə etdim. Balaca Aybəniz öz rolunu həvəslə aparırdı. Ümumiyyətlə, iş çox maraqla keçirdi. Səmədin hər sözü, zərbi-məsəli, zarafatı məni valeh edirdi”.
   Rəssam portret üzərində işləyərkən bir çox hadisələri, o cümlədən Səmədin danışıqlarının sonunu - “velikolepno”, “qrandiozno”, “kolossalno” kimi rus kəlmələri ilə yekunlaşdırmasını da yaxşı xatırlayır.
   1944-cü ilin avqustunda rəssam portreti tamamlayır. Onu şəhərdəki həmkarlarına göstərir və onlardan çoxlu təqdiredici fikirlər eşidir. Bundan sonra o, yarımçıq qalmış təhsilini davam etdirmək üçün Moskvaya qayıdır. 1946-cı ildə yay tətili zamanı Bakıya qayıdanda xəbər tutur ki, İncəsənət Muzeyinin Azərbaycan şöbəsini genişləndirmək niyyətilə yeni əsərlər, müasirlərimizin portretlərini almaq istəyirlər. Həmkarları ona məsləhət görürlər ki, “Səməd Vurğunun portreti”ni muzeyə təqdim etsin. Gənc rəssam elə belə də edir. Doğrudan da, bu əsər Səməd Vurğunun naturadan çəkilmiş ilk portreti kimi hamı üçün maraqlı görünə bilərdi. Bədii şura işi bəyənsə də, İ.Rıjenkonun məsləhəti ilə lövhənin sol cinahındakı “qız uşağı”nın, yəni Aybənizin təsvirinin oradan götürülməsinə qərar verir. Rəssamın gənc olması bu məntiqsiz qərara etiraz etməyə imkan vermir. Belə ki, əks halda onlar tələbə işinin muzeyə qəbul olunmasına mane ola bilərdilər. Odur ki, rəssam könülsüz də olsa, bu işi görür və portret bu cür də tarixiləşir. Hazırda portret elə bu tutumda şairin Bakıdakı ev-muzeyində nümayiş olunur. 
   Rəssam xatirələrində bu hadisənin sonluğunu belə şərh edir: “Düz bir il sonra “Axşam” tablosuna həmin “qız uşağı”nın potretini əlavə etdim. “Axşam” tablosunun sağ cinahında qabaqda gedən cavanəzən sayağı qız uşağı tamaşaçılarda, adətən xoş təbəssüm doğurur”.
   Xatırladaq ki, Mikayıl Abdullayev sonralar da bir neçə dəfə də Xalq şairinin obrazına müraciət etmişdir. Nəticədə Azərbaycan təsviri sənətini zənginləşdirən “Səməd Vurğun” (1959) və “Şairin gəncliyi” (1975) kimi yüksək bədii dəyərli əsərlər yaranmışdır...
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri