AMEA-nın Hüseyn Cavid ev-muzeyi görkəmli mütəfəkkir şair və dramaturq Hüseyn Cavid və yazıçı-pedaqoq Abdulla Şaiqin müəllifi olduqları “Ədəbiyyat dərsləri” kitabını nəşr etdirib. Bu, 1919-cu ildə Bakıda, hökumət mətbəəsində işıq üzü görən “Ədəbiyyat dərsləri” kitabının əski əlifbadan latın qrafikasına transliterasiya olunmuş təkrar nəşridir.
   Dərslikdə ədəbiyyat nəzəriyyəsinə aid o zamankı biliklər diqqətə çatdırılır, şagirdlərə yığcam şəkildə lazımi məlumatlar verilir. Kitabda həmçinin ədəbiyyatın qanun-qaydaları, ədəbi əsər yazmağın üsulları şərh edilir. Bu mənada kitab həm də yeni yazmağa başlayanlar üçün qiymətli vəsait rolunu oynayır.
   Kitabın transliteratoru - muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı, redaktorları - filologiya elmləri doktoru Gülşən Əliyeva və AMEA-nın müxbir üzvü Teymur Kərimlidir.