Xalçaçı günü münasibətilə sərgi təşkil edilib
   
   Mayın 5-də Azərbaycan Xalça Muzeyində xalçaçıların peşə bayramı günü münasibətilə “Ənənələrin izi ilə” adlı sərgi açılıb.
   Tədbirdə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri, professor Vidadi Muradov, xalça ustaları, xalçaçı ekspertlər, bu sahədə çalışan mütəxəssislər iştirak ediblər.
   Muzeyin direktoru Şirin Məlikova 5 may - Xalçaçı günü münasibətilə bu sahədə çalışan hər kəsi təbrik edib. Direktor muzeydə xalçaların qorunub saxlanması, nümayişi, xalçaçılıq ənənələrinin davam etdirilməsi və gələcək nəslə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
   Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar - xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunub.