Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dəyirmi masa keçirilib. 
Tədbirdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Sadıqov cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik baxımından mühüm işlərə imza atdığını söyləyib. Diqqətə çatdırılıb ki, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi demokratik respublikanın əldə etdiyi nailiyyətlər olub.
“Dünya Azərbaycanlıları Gənclərinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Sevastopolda "Qobustan" radiosunun redaktoru Həbib Əliyev, şairlər Zərəngiz Dəmirçi, Zaməddin Ziyadoğlu və başqaları Cümhuriyyət dövründə müxtəlif sahələrdə baş verən tarixi proseslərlə yanaşı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının da özünəməxsus inkişaf yolu keçdiyini bildiriblər.