Azərbaycan
1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb. 
1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov (1936 - 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 
   
2 iyun 1938-ci ildə respublikada ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub. 
2 iyun 1957 - Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncədə anadan olub. 
2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan "O olmasın, bu olsun", "Koroğlu", "Dəli Kür", "Yenilməz batalyon", "Qayınana" filmlərini çəkib. 
2 iyun 2013 - Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 - 2013) Parisdə dünyasını dəyişib. Passi qəbiristanlığında dəfn olunub.
   
3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. "İzdiham", "Azadlıq", "Dəfn", "Fatma" romanlarının, "O məni sevir", "Qatarın altına atılan qadın" pyeslərinin müəllifidir. Azərbaycan Tərcümə Mərkəzinin direktorudur. 
3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 
   
4 iyun 1929 - Kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. 
4 iyun 1957 - Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki "Azərbaycan Televiziyası və Radiosu" QSC) yaradılıb.
4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi "Kəsmə şikəstə", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi" və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib. 
   
Dünya
1 iyun Beynəlxalq uşaqları müdafiə günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 
1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. "İvan Susanin", "Ruslan və Lyudmila" operalarının müəllifidir.
1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan "Taaşşuk-ı Talat və Fitnat" əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.
1 iyun 1926 - Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: "Eva haqqında hər şey", "Niaqara", "Arzunun yeddi ili", "Centlmenlər sarışınları xoşlayırlar" və s.
1 iyun 1929 - Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. "Avara", "Cənab 420" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: "Şouşenkodan qaçış", "Qorxunun qiyməti", "Milyon dollarlıq balaca" ("Oskar") və s.
    
2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub. 
   
3 iyun 1963 - Türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında "Yaşamaq gözəldir, qardaşım", "Bir məhəllədən iki nəfər" ("Azərbaycanfilm"), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə) filmləri çəkilib.
   
4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.