İsveçrə növbəti dəfə dünyanın ən innovativ ölkəsi adına layiq görülüb.

Dünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı beynəlxalq innovasiya indeksində İsveçrə 8-ci dəfə ilk yerdə qərarlaşıb. Ən innovativ ölkələr siyahısında sonrakı yerlərdə Niderland, İsveç, Böyük Britaniya və Sinqapur dayanır.

Ümumilikdə 80 indikator əsasında tərtib edilən indeksdə İsveçrə əsasən qeydiyyata alınan patentlər, əqli mülkiyyət, elmi tədqiqatlar və innovativ layihələrə yatırılan investisiyaların həcminə görə digər ölkələri qabaqlayıb.

Müasir texnologiyalardan ən geniş istifadə edən iki ölkə - ABŞ və Çin fərqli inkişafla diqqəti çəkib. ABŞ 4-cü yerdən 6-cı yerə düşdüyü halda, Çin mövqeyində 5 pillə irəliləyərək, 17-ci yerdə qərarlaşıb və ən innovativ 20 ölkə sırasına daxil olub.