Azərbaycan

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci il avqustun 1-dən ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib. Bu tarixi proses Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Azərbaycanda latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, icrası ləng gedirdi və 2001-ci ildə, nəhayət, başa çatdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edildi.

 

1 avqust 1894 – Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana – qiraətxana açılıb.

1 avqust 1896 – Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub.

1 avqust 1908 – Ədəbiyyatşünas, professor Hidayət Əli oğlu Əfəndiyev (1908-1979) anadan olub.

1 avqust 1929 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz; 1929-2010)  anadan olub.

1 avqust 1933 – Azərbaycanın və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda doğulub. 1968-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrında quruluşçu və baş rejissor işləyib. Daşkənd Dövlət Konservatoriyasının professorudur.

1 avqust 1961 – Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 – 1961) vəfat edib. Məşhur “Cücələrim” mahnısının (sözləri – Tofiq Mütəllibov), “Ay işığında”, “İlk məhəbbət”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.

1 avqust 1935 – Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 – 8.9.2005) Lerik Hoveri kəndində anadan olub. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair dərslik və monoqrafiyaların müəllifidir.

1 avqust 1948 – Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 – 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor).

1 avqust 1960 – Kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb.

 

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 – 1980) dünyasını dəyişib. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

2 avqust 1898 – Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.

2 avqust 1955 – Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm”, “Sübhün səfiri” və s.

2 avqust 1984 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 – 1984) vəfat edib. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Qaytağı”, “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının müəllifidir.

2 avqust 1969 – Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 – 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.

2 avqust 2009 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942-2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, teletamaşalarda, filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi” və s.) çəkilib.

 

4 avqust 1909 – Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.

4 avqust 1915 – Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Bəxtiyar” (Rəcəbov), “Bir qalanın sirri” (həkim Eldostu), “Nəsimi” (şeyx Əzəm), “Əhməd haradadır?” (Şirin), “Tütək səsi” (İsfəndiyar) və s.

4 avqust 1939 – Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 - 11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, teletamaşalarda maraqlı rollar oynayıb.

4 avqust 1943 – Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Ağarza oğlu Məlik Bakıda anadan olub. 1967-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “O qızı tapın”, “Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, filmlərin dublyajı və səsləndirilməsində iştirak edir.

4 avqust 1944 – Sənətşünaslıq doktoru, xalçaçı-rəssam Kübra Muxtar qızı Əliyeva anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

4 avqust 1946 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (1946 – 26.10.2017) Şuşada doğulub. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

4 avqust 2008 – Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

 

Dünya

 

1 avqust 1819 – Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.

1 avqust 1923 – SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.

1 avqust 1942 – İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.

1 avqust 1948 – Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.

1 avqust 1965 – Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.

 

2 avqust 1834 – Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki “Azadlıq” heykəlinin müəllifidir.

2 avqust 1932 – İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

2 avqust 1939 – Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven; 1939-2015) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.

 

3 avqust 1832 – Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.

3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.

3 avqust 1994 – Məşhur rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.

  

4 avqust 1859 – Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Aclıq” psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.

4 avqust 1901 – Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel “Satchmo” Armstrong; 1901-1971) anadan olub.

4 avqust 1905 – Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiya Federasiyasının) Dövlət himninin musiqisinin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN