Rusiya və Tatarıstanın Xalq artisti, müğənni İlham Şakirov 84 yaşında vəfat edib. Q.Tukay adına Tatarıstan Dövlət Filarmoniyasının yaydığı rəsmi nekroloqda deyilir ki, bütün ömrünü milli incəsənətin təbliğinə həsr etmiş İlham Şakirovun vəfatı musiqi ictimaiyyəti üçün əvəzolunmaz itkidir. Ömrünün 59 ilini tatar xalq mahnılarının təbliğinə həsr etmiş İ.Şakirov bariton səsli əfsanəvi müğənni kimi tanınıb.

Azərbaycanın Xalq artisti, bəstəkar, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu da böyük müğənninin doğmalarına başsağlığı verib. O, İlham Şakirovu şəxsən tanımaq xoşbəxtliyinə sahib olduğunu vurğulayaraq bildirib ki, İlham Şakirov təkcə tatar folklorunun bilicisi deyildi, həm də bir çox xalqların mahnılarını böyük məharətlə ifa edirdi: “Azərbaycan mahnılarını necə bir şövqlə oxuduğu yadımdadır. Onun bütün həyatı mədəniyyətə, incəsənətə xidmətə həsr olunmuşdu və saysız-hesabsız minnətdar dinləyicilər onu heç vaxt unutmayacaqlar”.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov “Kazan Expo” sərgi kompleksinin ərazisində tikilən böyük konsert salonuna İlham Şakirovun adının verilməsini təklif edib.

GÜLCAHAN