İtaliyanın Genuya Universitetində “25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Azərbaycanı AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva, Prezident yanında  Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev təmsil ediblər. 

“Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri” mövzusunda çıxış edən İlham Məmmədzadə iki ölkə alimləri arasında əlaqələrdən, rəhbərlik etdiyi institutun İtaliyanın Ca Foscari, Genuya universitetləri ilə mütəmadi elmi tədbirlər keçirməsindən söhbət açıb.

“Azərbaycan-İtaliya mədəni əlaqələri hüquqi müstəvidə” mövzusunda çıxış edən professor İsaxan Vəliyev iki dövlət arasında diplomatik əlaqələrin tarixinə diqqət çəkib, multikulturalizmin Azərbaycan modelinin hüquqi əsaslarından danışıb.

Zöhrə Əliyeva “Azərbaycan-İtaliya münasibətləri: dinlərarası dialoq prizmasında” mövzusunda çıxış edib.

Tədbirdə Ca Foscari Universitetinin professoru Aldo Ferrari, Trento Universitetindən professor Gian Franco Poggi, Milan Universitetinin professoru  Alessandro Vitale və digər çıxış edənlər Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıblar.

İtaliyada nəşr olunan nüfuzlu “Geopolitika, sosial müdafiə və azadlıq” adlı beynəlxalq elmi jurnalda Azərbaycan alimlərinin elmi məqalələri dərc edilib.