Martın 5-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirildi. Mətbuat konfransı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunmuşdu.

Nazir media mənsublarını salamlayaraq son illər mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar barədə ətraflı danışdı. Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların davam etdirildiyini deyən nazir bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur: “Həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq.

Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması məqsədilə Avropa İttifaqının dəstəyi ilə Tvinninq layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir”.

Nazir bildirdi ki, dövlət başçısı mədəniyyət sahəsində islahatların sistemli şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyub və bu fikri mədəniyyət və incəsənət xadimləri ilə görüşdə də diqqətə çatdırıb. Həmçinin o da vurğulandı ki, aparılan və bundan sonra davam edəcək islahatlarda insan faktoru diqqətdə saxlanılacaq. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Başlıca məqsəd mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkilidir.

Nazir vurğuladı ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Qeyd olundu ki, görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.

Bildirildi ki, ölkə başçısının sərəncamında qeyd olunan milli kinematoqrafiyanın inkişaf konsepsiyası layihəsi ilə bağlı iş aparılır. Bununla bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq. Həmçinin yeni teatr idarəetmə sisteminin formalaşdırılması üçün tədbirlər davam etdiriləcək.

Prezident tərəfindən aparıcı teatrlara vəsait ayrılmasının əhəmiyyətini qeyd edən nazir teatrların iş şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu, İrəvan teatrından sonra Pantomima teatrının da təmir ediləcəyini, həmçinin Yuğ teatrının, Bakı Uşaq Teatrının bina ilə təmin edilməsinin nəzərdə tutulduğunu dedi. Nazir teatrlara ayrılan  vəsaitin bölgüsü barədə jurnalistlərin sualına cavab olaraq onu da vurğuladı ki, bir sıra teatrların bina məsələləri həllini tapandan sonra bu kollektivlərə də ünvanlı vəsait ayrılacaq.

Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını dedi. Qeyd etdi ki, görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi, heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək.