“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramı münasibətilə keçiriləcək “Bahar qalası” festivalına dəvət edir.

İdarədən bildirilib ki, martın 20-dən 26-dək davam edəcək festivalda Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Festival ərzində hər gün konsert proqramları təqdim olunacaq, “Şərq bazarı” təşkil  ediləcək.

Qız qalasının arxasındakı meydanda İçərişəhər sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün üç satış nöqtəsi təmənnasız istifadəyə veriləcək.

Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində rəqslər və nəğmələr ifa edəcəklər.

Festival çərçivəsində martın 23-də Qoşa qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.