Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə builki Novruz şənlikləri festival formatında təşkil olunaraq 20 gün davam edəcək.  Festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək.

Festival ərazisi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik hissələrə bölünəcək. Festival zonası axşam saatlarınadək ziyarətçilərə açıq olacaq.

Burada dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işlərinin sərgi-yarmarkası, ustad dərsləri təşkil olunacaq. Festival boyunca kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar təqdim olunacaq.

Festivalda may ayında finalı Bakıda keçiriləcək UEFA liqasının brend zonası da yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.

Həmçinin bayram günlərində Novruza həsr olunmuş musiqili teatr tamaşası nümayiş etdiriləcək.